Dünya 19:15 29.03.2023

“Artıq Zelenski də anlayır ki...” - Politoloq

"Zelenski tərəfdaşlarından hərbi baxımdan daha güclü dəstək almaq istəyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ukrayna dövlət başçısı Zelenskinin Baxmut məğlubiyyəti fonunda cəmiyyətin onu işğalçıya güzəştə getməyə sövq edəcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib. 

Onun fikrincə, bu mesaj da məhz daha çox yeni silahlar əldə etməyə hesablanmış addımdır:


 
"Zelenski bu açıqlaması ilə Qərbdəki tərəfdaşlarına Baxmutun itiriləcəyi təqdirdə vəziyyətin çətin olacağı ilə bağlı SOS siqnalı ötürür. Bir neçə gün öncə Zelenski bildirmişdi ki, Ukrayna əks-hücuma hazır deyil, əlavə taktiki silahlara ehtiyacı var. Bununla da, Ukrayna lideri tərəfdaşlarını cari il ərzində nəticə əldə etmək üçün yeni strateji və taktiki silahların tez bir zamanda verilməsinə səslədi. Bu mesajı da məhz daha çox yeni silahlar əldə etməyə hesablanmış addımdır. Həmin açıqlama ilə o, Ukraynanın milli maraqlarını qurban vermək fikrində olmadığını bəyan edir. 

Bir qədər əvvəl Rusiya siyasi rəhbərliyi tərəfindən bildirilmişdi ki, Ukraynanın bir neçə əsas şəhərləri tutulandan sonra Zelenski Moskva ilə sülh masasında oturmağa məcbur olacaq. Zelenski isə Putini bu imkandan məhrum etmək istəyir. Ona görə də, Kiyev Qərbdəki tərəfdaşlarını həlledici an olduğuna inandırmaqla daha güclü dəstəyə nail olmağa çalışır”. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Baxmutda məğlub olacaqları təqdirdə hökumətin daxili və xarici təzyiqlərlə üzləşəcəyini bildirib: "Cəmiyyətimiz özünü yorğun hiss edəcək... Cəmiyyətimiz məni güzəştə getməyə sövq edəcək".

Rüfət Sultan