Son illərdə kirpik uzadan serumlar kosmetik məhsullar arasında geniş populyarlıq qazanıb. Bu vasitələrin qısa müddətdə kirpikləri daha uzun, sıx və tünd göstərdiyi iddia olunsa da, mütəxəssislər onların istifadəsi zamanı mümkün risklərə diqqət yetirməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, oftalmoloq və retinoloq Olqa Venediktovanın sözlərinə görə, bu məhsulların populyarlığı əvvəlcə qlaukomanın müalicəsində istifadə edilən prostoqlandin tərkibli preparatların yan təsirlərinin müşahidə olunması ilə başlayıb. Həmin preparatlardan istifadə edən xəstələrdə kirpiklərin daha uzun və sıx olması qeydə alındıqdan sonra oxşar maddələr kosmetik məhsullarda da tətbiq edilməyə başlanıb.
Mütəxəssis qeyd edir ki, prostoqlandin tərkibli serumlar kirpiklərin təbii böyümə dövrünü dəyişdirərək onların aktiv inkişaf mərhələsini uzadır və fəaliyyətsiz follikulları stimullaşdırır. Lakin istifadənin dayandırılmasından sonra kirpiklər tədricən əvvəlki vəziyyətinə qayıdır.
Olqa Venediktovanın sözlərinə görə, bazarda prostoqlandin tərkibli olmayan serumlar da mövcuddur. Onların tərkibində əsasən peptidlər, biotin, amin turşuları, hialuron turşusu və bitki ekstraktları olur. Bu məhsullar kirpiklərin böyümə dövrünə təsir göstərmir, lakin onların qırılmasını azalda, nəmlənməsini təmin edə və daha sağlam görünməsinə kömək edə bilər.
Mütəxəssis xəbərdarlıq edir ki, prostoqlandin tərkibli serumların nəzarətsiz istifadəsi gözlərdə qızartı, yanma hissi, sulanma, quru göz sindromu, konyunktivit və blefarit kimi iltihabi xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, göz qapaqlarında piqmentasiya, hətta bəzi hallarda gözün rəngli qişasının rəngində dəyişiklik də müşahidə oluna bilər.
Həkim həmçinin "prostoqlandinlə əlaqəli periorbital sindrom" adlanan vəziyyətə diqqət çəkib. Bu zaman göz ətrafında çökəklik, dərinin tündləşməsi və baxışın vizual olaraq yaşlı görünməsi mümkündür.
Olqa Venediktova kirpiklərin həddindən artıq tökülməsi və ya kövrəkləşməsi hallarında ilk növbədə səbəbin araşdırılmasını tövsiyə edir. Onun sözlərinə görə, belə problemlər bəzən kirpik follikullarında yaşayan "Demodex" gənəsinin yaratdığı demodekoz blefariti ilə əlaqəli ola bilər.
Mütəxəssis bildirir ki, kirpiklərdə davamlı tökülmə, göz qapaqlarında qaşınma, qızartı və ya qabıqlanma müşahidə edilərsə, özbaşına serum istifadə etmək əvəzinə oftalmoloqa müraciət etmək daha məqsədəuyğundur.
Həkimin qənaətinə görə, prostoqlandin tərkibli serumlardan yalnız tibbi göstəriş olduqda və həkim nəzarəti altında istifadə edilməlidir. Prostoqlandinsiz serumlar isə daha çox qulluq vasitəsi hesab olunur və gözlərdə iltihab, quru göz sindromu, allergiya və ya əməliyyatdan sonrakı dövrdə onların istifadəsi də tövsiyə edilmir.
Aydın
Şərhlər