Siyasət 18:20 12.07.2013

Arzu Səmədbəylidən vahid namizədlə bağlı açıqlama

“Milli Şuranın bəzi üzvləri İsa Qəmbərin namizədliyinin saxlanmasında problem görmür”

“Müsavat Partiyasının vahid namizədlə bağlı mövqeyi Milli Şurada normal qarşılanıb”. Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli deyib.

Onun sözlərinə görə, Müsavat başqanı İsa Qəmbərin namizədliyinin saxlanmasına Milli Şurada müxtəlif cür yanaşanlar var: “Hər kəs düşüncə azadlığına malikdir. Məsələn, Milli Şuranın üzvü, professor Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu İsa Qəmbərin namizədliyinin saxlanmasında heç bir probılem görmür, əksinə, bunu normal sayır”.

 A. Səmədbəyli bildirib ki, Müsavat Partiyasının vahid namizədlə bağlı mövqeyi Milli Şuraya təqdim olunub və normal qəbul olunub: “Eyni zamanda Milli Şurada hər kəs qurumun sədrinin və vahid namizədinin müəyyən olunması istiqamətində vahid mövqe nümayiş etdiriblər və bu mövqe bu gün də qüvvədədir”.