Sənət 18:42 06.01.2021

Arzum orada Məcnunu oynamaqdır... – Xalq artisti

"Şuşanın qədim Azərbaycan şəhəri olduğu bir daha təsdiq olundu".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi ilə bağlı qərarından danışarkən deyib. Xalq artisti bunu böyük bir mədəniyyət hadisəsi hesab edir:

"Çünki Şuşa həmişə bizim mədəniyyət şəhərimiz olub. Prezidentin 2021-ci ili Şuşanı mədəniyyət paytaxtı elan eləməsi bizi çox sevindirdi. İlk olaraq orada Vaqif poeziya günləri, "Xarı Bülbül" festivalı, eyni zamanda muğam müsabiqələri, böyük festivallar, tədbirlər keçiriləcək. Şuşanın, Qarabağın yenidən öz şöhrətinə qayıtması təmin olunacaq. Mənim də arzum var, "Leyli və Məcnun"u yarandığı şəhərdə Məcnun kimi oynamaq... Prezidentə təşəkkür edirəm, bu mədəniyyət xadimlərinə olan töhvədir".

Mənsum İbrahimov qeyd edib ki, yaxın aylarda Şuşanın əvvəlki şöhrəti özünə qayıdacaq:

"Bütün mədəniyyət xadimlərini ürəkdən təbrik edirəm".

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.
Bahar Rüstəmli