İdman 14:17 24.04.2013

“Atletiko”ya qarşı kimlər oynayacaq?

Aprelin 30-da Bakıda Madridin “Atletiko” klubuna qarşı oyunda əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakı” yox, “Azərbaycan ulduzları” (All Star of Azerbaijan) komandası çıxış edəcək. 

Bu haqda Qol.Az-a “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bildirib.

Onun sözlərinə görə, klubun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə qarşıdakı matçda Azərbaycanın üzdə olan bütün futbolçuları iştirak edəcək. Y.Seyidov klubların həmin matça futbolçularını buraxmayacağına inanmadığını söyləyib.

Klub rəsmisinin sözlərinə görə, görüşün hakimləri və Azərbaycan komandasının heyəti sabah müəyyənləşəcək.  O həmçinin vurğulayıb ki, “Atletiko” Bakıya bütün ulduz futbolçuları ilə gələcək.

Bundan başqa, oyunu qonaq qismində izləyənlər arasında yaxın keçmişin məşhur futbolçuları – Hakan Şükür, Rüştü Rəcbər, Bülənt Qorxmaz, həmçinin Türkiyə millisinin baş məşqçisi Abdullah Avcı da olacaq.

Qeyd edək ki, matçın biletləri sabahdan satışa çıcarılacaq.

Qaynar.info