"AVRO-2020"nin Bakıdakı oyunlarına bu tarixdən bilet almaq olar

AVRO-2020-nin Bakıda oyunları üçün bilet satışının bərpa ediləcəyi tarix bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, biletlər mayın ortalarından satışda olacaq. Biletləri UEFA-nın rəsmi saytı vasitəsi ilə yalnız onlayn almaq mümkündür.

Qitə futbol qurumu daha əvvəl Azərbaycan paytaxtındakı matçlar üçün qiymətləri 30 avro, 75 avro və 125 avro məbləğində müəyyənləşdirib.

Ötən ilin fevralında açıqlanmış son məlumata əsasən, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmalara 118 840 bilet satılmışdı. Onların hansı qarşılaşmalar üçün satıldığı, hansı ölkələrdən alındığı, neçəsinin geri qaytarıldığı, bilet qiymətlərində dəyişiklik olub-olmayacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR