Dünya 14:42 15.09.2020

Avropa Birliyi Lukaşenkonu qanuni prezident kimi tanımaqdan imtina etdi

AB diplomatiyasının rəhbəri Jozep Borrel 9 avqustda Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını, bu səbəbdən Brüsselin nəticələri tanımadığını deyib.

Qaynarinfo xəbər verir ki, o, Avropa Parlamentində çıxış edərkən, Avropa Birliyinin Aleksandr Lukaşenkonu qanuni prezident olaraq tanımaqdan imtina etdiyini təsdiqləyib.

Başlanğıcda Borrel çaşaraq Lukaşenkonu "Ukraynanın qeyri-legitim prezidenti" adlandırıb, lakin səhvini tez bir zamanda düzəldərək üzr istəyib.
"9 avqust seçkilərini saxtalaşdırılmış hesab edirik... Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımırıq", - Borrel deyib.

Borrelin fikrincə, Aİ ən qısa müddətdə səsvermə keçirməli, Belarus səlahiyyətlilərinə qarşı sanksiyalar qəbul etməlidir. Bunun 24-25 sentyabr tarixlərində keçiriləcək Şura iclasından əvvəl edilməsinə çağırıb.

Borrel ATƏT-in himayəsi altında keçiriləcək yeni prezident seçkilərini Belarusdakı siyasi böhrandan ən yaxşı çıxış yolu adlandırıb.

Hazırda AB Belarus ilə münasibətləri nəzərdən keçirir və əlaqələrin dondurula biləcəyi sektorları araşdırır.

Bu arada Avropa Şurası Belarus hakimiyyətini vətəndaş cəmiyyətinin iştirakı ilə milli səviyyədə geniş əhatəli bir dialoqa başlamağa çağırıb.
 
Alpər