Ramin Hacılı

Blogger
Yazılar
3
Avropa Parlamentinə seçkilərdə kimlər gücləndi? (ŞƏRH)

Avropa Parlamentinə seçkilərdə kimlər gücləndi? (ŞƏRH)

Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının prezidenti 
 
Avropa Birliyinin (AB) əsas qanunverici orqanı olan Avropa Parlamentinə mayın 23-dən başlayan seçkilər 4 gün davam edib. Səsvermənin ən böyük sürprizi seçici fəallığının yüksək olması idi. 420 milyon avropalı seçicinin 52%-i səsvermədə iştirak edib və bu, beş il əvvəlki göstərici ilə müqayisədə 5% çoxdur. Seçici fəallığı və Avropanın böyük fraksiyalarının üzləşdiyi itkilərin səbəbi Liberallar və Yaşılların həyəcan təbili çalması oldu. Onlar yeni nəsilə iki ciddi mesaj verməklə prosesi gücləndirdilər: 

1. Ciddi iqlim dəyişikliyinə Sağçıların (neo-millətçilərin) və Avroskeptiklərin (AB-yə qarşı olanların) biganə yanaşması.

2. Rusiyanın AP-də mövcud olan aparıcı fraksiyalara nüfuz etməsi faktının qabardılması.

Birinci mesajın önəminə və nəticəsinə nəzər salaq. Son illərdə Avropa ölkələrində iqlim çirklənməsi, yaşıllıqların dağıdılması, qlobal istiləşmə kimi problemlərə qarşı aksiyalar kəskin artıb. Hətta məktəblilər də bu prosesə aktiv qoşulub. Avropanın yeni nəsli "Gələcək üçün Qoru” devizi ilə təkcə bu ilin yanvar, fevral ayında onlarla aksiya keçirib. Seçkilər onlar üçün öz sözlərini deməyə fürsət oldu və bundan maksimum istifadə etdilər. Avropanın beyni hesab edilən Almaniyada "yaşıllar” 20% nəticə ilə Angela Merkelin mühafizəkar Xristian Demokrat və Xristian Sosialist İttifaqı blokundan sonra yer alaraq ikinci oldu. Almaniya Sosial Demokrat Partiyasını (ASDP) geridə qoydu. Xristian Demokratlar və ASDP seçkiqabağı kampaniyada iqlim dəyişikliyi ilə mübarizə mövzusunu layiqincə qiymətləndirmədiyini etiraf etdi.

İkinci mesajın anlamı və nəticəsinə baxaq. Müşahidələr göstərir ki, insanların avroskeptik sağçı populist partiyalara qarşı olması seçici aktivliyini artırıb. AB-nin rəqabət məsələləri üzrə komissarı Margreze Vestagerin fikrincə, insanlar seçkilərin onlara güc verdiyini anlayıblar. Cənab Vestager deyib: "Seçkilərə AB-ni dağıtmaq istəyən partiyalar da qatılıb. Özünü millətçi adlandıran həmin partiyalar, əslində, öz ölkələrini ruslara satırlar. Bu məsələ insanları düşünməyə və bu dəfə seçkilərə daha ciddi yanaşmağa məcbur edib”. Yeri gəlmişkən, "Avropa naminə liberal-demokratlar Alyansı” məhz onun Avropa Komissiyasının başçısı postuna namizədliyini irəli sürüb. Ötən seçikilərlə müqayisədə bu dəfə daha çox üstünlük qazanan liberallar "Avropa Naminə Liberallar və Demokratlar Alyansı” fraksiyası kimi, yaşıllar isə "Yaşıllar - Avropa Azadlıq Alyansı” fraksiyası kimi qatılmışdı. 

İndiki halda böyük partiyaların və ya hansısa qrupun mütləq qələbəsi olmasa da, Avropada sağçı populist partiyalar uduzdu və Rusiyanın məqsədləri suya düşdü

Fransa prezidenti Emmanuel Makronun "İrəli, Respublika” partiyasının mandatlarını nəzərə alsaq, liberallar 107 yerə ümid edə bilər. Yaşılların mandatı isə 70 yerədək artacaq. İndi Avropa Xalq Partiyası (AXP) və sosial demokratlar ikilikdə Avropa Parlamentində çoxluğu formalaşdıra bilməyəcəklər. Onların liberalların, ya da yaşılların dəstəyinin alması lazım gələcək. Təsadüfi deyil ki, AXP -nin əsas namizədi, almaniyalı siyasətçi Manfred Veber ilkin nəticələr elan edildikdən sonra Avropa Komissiyasının başçısı olmaq ambisiyalarını xatırladıb: "Biz yüksək dərəcəli qələbəyə nail olmadıq, amma hələ də Avropa Parlamentində ən böyük qrupu formalaşdırırıq və qaliblər sırasında yaşıllar da var, ona görə onlar bizim mümkün tərəfdaşlarımızdır. Birlikdə oturub, gələcək beş il üçün layihə işləyib hazırlamaq lazımdır”. Beləliklə, indiki halda böyük partiyaların və ya hansısa qrupun mütləq qələbəsi olmasa da, Avropada sağçı populist partiyalar uduzdu və Rusiyanın məqsədləri suya düşdü. AB tərəfdarları və qlobalistlər qalib tərəf oldu. Bu halda Avropada bəşəri problemlərə diqqət, insan haqları, demokratiya, tolerantlıq, insanmərkəzçilik kimi dəyərlər öz aktuallığını daha da artıracaq. Avropa ilə əməkdaşlıqda maraqlı olan dövlətlər, o cümlədən Azərbaycan bu nüansı nəzərə almalıdır.

//Report.Az

OXŞAR XƏBƏRLƏR