Ölkə 23:45 13.10.2017

Avtobus sürücüsü işdən qovuldu

Bakı Nəqliyyat Agentliyi şikayəti araşdırıb.

Bakı Nəqliyyat Agentliyi kobud qayda pozduğu üçün avtobus sürücüsünü işdən azad edib. Bu haqda Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

13.10.2017 tarixində sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb. Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb. Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.

Qaynarinfo.Az