Siyasət 16:45 25.02.2013

AXCP-dən Saatlıdakı olayla bağlı açıqlama

Şamil Hacıbəyli: “Şöbəmizin deyilən adlarda üzvləri yoxdur, biz bu adamları tanımırıq”

Fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kənd qəbiristanlığında naməlum şəxslər 60-a yaxın qəbrin başdaşılarını sındırıb. Hadisəni törədənlər, Musalı kənd sakinləri, heç bir yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu şübhəli şəxs qismində saxlanılıblar. 

Onlar hadisəni sərxoş halda törətdiklərini etiraf ediblər. Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq aparılır.

Bu barədə artıq ölkə mediasında xəbərlər yayılıb. Xəbəri aktuallaşdıran isə hakimiyyətin bu hadisəni AXCP-nin ayağına yazmaq, bu partiyaya qarşı növbəti təxribat hazırlamaq istəyinin sezilməsidir.

Hər halda hökumətyönlü agentliklərdən biri – “Trend”in bu hadisə ilə bağlı ölkənin bütün KİV-ində yayılan məlumata belə bir əlavə etməsi təsadüfə oxşamır: “Əldə edilmiş ilkin məlumatlara görə, hadisəni törədən şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi tərəfindən bu işə cəlb edilmiş və rayonda sabitliyi pozmaq, rayon sakinləri arasında süni narazılıq yaratmaq məqsədilə insanların mənəvi dəyərlərinə toxunan bir hərəkətə təhrik etmişlər”.

Məsələ ilə bağlı müracitə etdiyimiz AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəyli “azadlıq.info”ya deyib ki, adları çəkilən şəxslərin heç biri AXCP üzvü deyil: "Bunun araşdırmaq müvafiq dövlət orqanları üçün çətin deyil, şöbə üzvlərinin adlı siyahısı var, şöbəmizin deyilən adlarda üzvləri yoxdur. Şöbənin sədri kimi şəxsən mən bu adamları tanımıram.

Bütün bunları AXCP Saatlı şöbəsinin martın 3-də keçirəcəyi tədbiri pozmaq istəyi ilə əlaqələndirirəm. Tədbiri pozmaq üçün müxtəlif planlar qururlar, bu da onlardan biridir. Qarşıda başqa təxribatların olacağını da istisna etmirəm.

AXCP Saatlı şöbəsi olaraq bu iyrənc təxribatı pisləyir və təxribsatçıların məsuliyyətə cəlb olunmasını tələb edirik".

Qaynar.info