Amal Abuşov
İdman 11:46 10.05.2018

Ay dalay-dalay, xırdala!

Amal Abuşov

"Aşığın sözü qurtaranda dalay-dalay edər” deyiblər atalarımız. AFFA-nın baş katibi Elxan Məmmədov da indi həmin aşığın günündədi. Danışmağa sözü yoxdu, amma "dalay-dalay” edir, hamıya dərs keçdiyini, bizim də ağzımızı açıb, heyranlıqla ona qulaq asdığımızı düşünür.

Yox, aşna. Daha zaman o zaman deyil, yaxşı insanlar sizin danışdığınız yalanlara, nağıllara inanmırlar. Gözümüzü və qulaqlarımızı yaxşı-yaxşı açmışıq. Oxuyuruq, görürük, eşidirik. Siz də açın. Qulaqlarınızı və gözlərinizi deyirəm. Sosial şəbəkələr cəmiyyətin güzgüzü, xalqın səsinin əks-sədasıdı. Vaxtınız və həvəsiniz olanda, bir ora da nəzər salın. Görün sizi allı-güllü, ütülü-bəzəkli açıqlamalarınızın paylaşıldığı xəbərlərin altından nələr yazılar. Cana doymuş insanlar, futboldan bezdirilmiş azarkeşlər qəzəb və istehza püskürür. Sizə doğru. Fərqində deyilsizmi?

İllərdi təbliğat bu şəkildə qurulmuşdu ki, AFFA-nın baş katibi çox istedadlı və savadlı adamdı. Hazırcavab kadrdı, onunla mübahisə və müzakirədən heç kimin qalib ayrılmaq şansı yoxdu. Bu mifi çoxdan dağıtmışıq. İki ildi ki, müsahibə üçün ünvanladığımız müraciətimizə müsbət cavab vermir, bizimlə qarşılaşmaqdan çəkinir. Ayaqüstü, təsadüfi görüşlər zamanı isə konkret cavablardan yayınmaqla, sözü zarafata salmaqla yola verməyə çalışır. Budurmu xaricdə təhsil almış, dünyagörüşü zəngin, güclü idarəçilik qabiliyyəti olan, UEFA-nın İcraiyyə Komitəsinə seçilmək, Azərbaycanda nazir olmaq iddiasına düşən perespektivli kadr?

İllərdi Azərbaycan futbolunda meydanı boşaltmağa, rəqiblərini sıradan çıxarmağa çalışıblar. Az-çox nail olublar. Qarşılarına çıxacaq, sözlərinin üstünə söz deyəcək futbol funksionerinin olmayacağından arxayındılar. Ona görə də "boz bina”dakı rahat kabinetlərdə oturub, ütülü sözləri, gülünc bəhanələri bir-birinin ardınca istehsal edirlər.
 
Amma elə idman mətbuatının içindən çıxan, futbolun incəliklərindən xəbərdar olan gənc çıxdı və cəmi bircə müsahibəsində AFFA-nın bütün bəhanələrini, lisenziyalaşdırma ilə bağlı bürokratik əngəllərini darmadağın etdi. Hələ də toparlana, ortaya tutarlı cavab qoya bilməyiblər.
 
Dünən baş katib bir xatirə turnirində öz komandasının qapısına qol vurub, sonra da orda olan həmkarlarıma açıqlamalar verib. Mən onun bu açıqlamaları ilə "azerisport.com”da tanış oldum. Hamısı da "dalay-dalay”...

Premyer Liqada komanda sayının artırılması üçün möcüzə baş verməlidi deyir. Güldürdünüz, cənab baş katib. Azərbaycan çempionatında komandalar elitaya möcüzə sayəsində yüksələcəksə, ildə 27 milyon puli havaya sovuran AFFA nə işlə məşğuldu? Hanı sizin həyata keçirdiyiniz futbol siyasəti, sayı 100 mini keçən futbolçularınız? 1992-ci ildə müharibə şəraitində yaşayan, müstəqil dövlət kimi ilk addımlarını atan Azərbaycanda 26 klub möcüzə sayəsində formalaşdırılıb, çempionata qatılmamışdı. Siz onda hardaydız?

"İndi mövcud olan klublar ilk dövlət proqramının sayəsində fəaliyyət göstərirlər” deyir. Çox komik, vallahi. Dövlət proqramının qəbul edildiyi 2005-ci ildə Azərbaycan çempionatının Yüksək dəstəsində 14 komanda mübarizə aparırdı. Aralarında da Yevlax, Qusar, İmişli, Qazax, Lənkəran, Gəncə, Sumqayıtı təmsil edənlər var idi. Proqramın icra müddəti bitəndə isə bu say 10-a düşmüşdü!

Premyer Liqada cəmi 8 komandamız var. Onların da beşini AFFA qanadının altında saxlayır. Davam edəkmi? Ay dalay-dalay, xırdala!