Sənət 19:02 06.10.2020

“Ay sənətçilər, siz nə vaxt bu torpağın keşiyində durdunuz?” – Kərim Abbasov

"Maşallah ki, hansı telekanalı açırsan bəy sənətçilərimiz "vətən-torpaq” deyib, əsgər forması geyinib, vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar. Aralarında qarabağlıdan tutmuş, Masallıdan olanına qədər, muğam oxuyanından tutmuş, estrada oxuyanına kimi də var. Kaş ki, oxuduğunuzla əməliniz üst-üstə düşərdi. Kaş ki, siz də torpağın keşiyində durub, əziyyətini çəkib, sonra o kəlmələri ağzınıza almağı haqq edərdiniz”.

 

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb. İfaçı hərbi xidmətdə olmayan kişi həmkarlarını sərt şəkildə tənqid edib:

 

"Hansının hərbi biletinə baxsan, 90 faizində "yararsız” yazılıb. Özünüzü hərbi xidmətdən saxladıb, indi isə kişi-kişi oxuyub, xal qazanmayın. Hansına desən ki, əsgərlik xatirəndən bir şəkil bölüş susub, dayanacaq. Bir jurnalist çıxıb soruşmur ki, ay sənətçilər, siz nə vaxt bu torpağın keşiyində durdunuz ki, indi də efirlərdən "vətən” deyib, düşmürsüz? Sən nə etdin bu vətən üçün? Və ən bədbəxtçiliyi də ondadır ki, fərarilər efirdən düşmürlər. Haranı açırsan, bunları görürsən. Əsgər forması geyinib, vətən keşiyində durmayanlar, torpağın nə dərəcədə dəyərli olmasından xəbərsizdir. Onsuz da dünyanın işi hər zaman belə olub. Vətəni sevmək azdır, vətəni qorumaq gərək. Vətənim demək azdır, vətənim olmaq gərək”.