Sənət 18:13 07.05.2014

AYB-nin Lənkəran bölməsində qalmaqal

AYB Lənkəran bölməsinin sədri İltifat Saleh səlahiyyət həddini aşaraq, qurultaya nümayəndələri bölgədə yaşayan Birlik üzvləri adından təyin edib.

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ”Axar.az”a verdiyi açıqlamasında növbəti XII qurultay ərəfəsində AYB Lənkəran bölməsində qalmaqal yaşandığını bildirdi.

Onun sözlərinə görə, qalmaqal qurultaya nümayəndə seçilərkən bölmə rəhbərliyinin ədalətsiz qərarına etiraz zamanı yaşanıb: “AYB-nin Lənkəran bölməsi 6 rayonun – Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının yazarlarını əhatə edir. Bu rayonların hər birində 20-dən yuxarı AYB üzvü yazıb-yaradır. Bölmənin sədri İltifat Saleh elan edəndə ki, “Bölmədən qurultaya cəmi 6 nəfər nümayəndə seçilməlidir”. Yığıncağa dəvət olunanların arasında qalmaqal yaşandı. Çünki ötən qurultaya bölgədən, təxminən, 18 nümayəndə seçilmişdi. Son səkkiz ildə bölgədə AYB üzvlərinin sayı 3-4 dəfə artdığı halda, qurultaya seçiləcək nümayəndələrin sayı 3-4 dəfə azaldılıb”.

Bilal Alarlı daha sonra dedi ki, ötən qurultay ərəfəsində nümayəndə seçmək üçün bölməyə 40-a yaxın AYB üzvü gəlmişdi: “Bu gün bölgənin yazarları sanki bölmənin yığıncağını boykot etdilər, bölmədə sədrlə birlikdə cəmi 15 yazıçı və şair vardı. Yığıncaqda iştirak edənlərdən yalnız 1 nəfər – Tərlan Əbilov qurultaya nümayəndə seçildi. Qalan 5 nəfər nümayəndəni İltifat Saleh “ağsaqqallığından” istifadə edərək, yığncaqda iştirak etməyən adamlardan təyin etdi. AYB üzvü Hafiz Mirzə yığıncağın bu şəkildə keçirilməsinə etirazını bildirdi və təklif etdi ki, bölgədə Birlik üzvlərinin sayının çoxluğunu nəzərə alıb, 15 nümayəndə seçək. İltifat Saleh isə bildirib ki, Yazıçılar Birliyinin təyin etdiyi kvotanı poza bilməz”.

Belə olan halda, AYB-nin Cəlilabaddan olan üzvü Bilal Alarlı başqa bir təklif irəli sürüb: “AYB rəhbərliyi bölgə yazarlarına qarşı böyük hörmətsizlik edir. Bölgədə Vahid Qasımzadə, Sakit İlkin, Əlirza Həsrət, Böyükxan Bağırlı, Gülbala Teymur, İslam, Əfrahim Hüseynli, Misir Alarlı və başqa bu kimi tanınmış şair və yazıçılar yaşayırlar”.

Bilal Alarlı bildirdi ki, təkcə onun rəhbərlik etdiyi “Nöqtələr” ədəbi qrupunda 12 nəfər Birlik üzvü var. O bu ədalətsiz seçimə etiraz olaraq, bölgədən qurultaya heç kimi nümayəndə göndərməməyini təklif edib: “Bölgə yazarlarının etirazına baxmayaraq, bölmə sədri İltifat Saleh səsvermə keçirmədi və hər rayondan 1 nəfəri qurultaya nümayəndə göndərməyi təklif etdi. Ən heyrətamiz hadisə isə seçilənlərin yığıncaqda iştirak etməməsi ilə bağlı oldu. Əlbəttə, qurultaya “seçilən” hər bir AYB üzvü buna layiqdir, lakin Cənub bölgəsinin qurultayda cəmi 6 nəfərlə təmsil olunması biabırçılıqdan başqa bir şey deyil. AYB rəhbərliyi və onun Lənkəran bölməsi bölgədə yaşayan Birlik üzvlərinin seçmək və seçilmək hüquqlarına, sadəcə, tüpürdü. Təkliflərə AYB Lənkəran bölməsinin sədri İltifat Saleh yalnız bir cavab verirdi: “Mən yuxarıdan verilən tapşırığı yerinə yetirirəm, yuxarılara heç bir irad tuta bilmərəm. Mənim vəzifəm onların tələbini yerinə yetirməkdir. Yuxarının, yəni AYB rəhbərliyinin istəyi ilə qurultaya hər rayondan 1 nəfər təyin edirəm və bu seçim ən ədalətli seçimdir””.

Bilal Alarlı sonda bunları dedi: “Ağsaqqal” məlumatında bilərəkdən yanlışlığa yol verirdi, çünki Lerik yazarlarından qurultay nümayəndələri sırasına bir nəfər də olsun salınmamışdı. Yığıncaq başa çatmamış burada iştirak edən 15 AYB üzvü Birlik rəhbərliyinin ədalətsiz seçiminə etiraz əlaməti olaraq, nəticəni gözləmədən çıxıb getdi”.

Qaynar.info