Sənət 12:46 24.11.2014

Aygül Pəncəliyevanın kitab təqdimatından FOTOLAR

Noyabrın 23-də  “Yeraltından kitablar” adlı “bookcafe”də gənc aktivist Aygül Pəncəliyevanın "Modernizm, İnsan hüquqları və Demokratiya haqqında xülasə" kitabının təqdimat mərasimi keçirilib.

Qaynar.info xəbər verir ki, təqdimat mərasimində AYO başqanı Namiq Hüseynov, yazarlar Rasim Qaracaca, Yalçın İslamzadə və siyasi-ictimai fəallar iştirak ediblər. 

Gənc yazar Aygül Pəncəliyeva bildirib ki, təxminən bir il bundan əvvəl bu mövzularda araşdırma aparmağa başlayıb:"Bu mövzuları mən məqalə formasına salmışdım. İlk olaraq hansısa internet saytlarına məqalə formasında yerləşdirməyi düşündürdüm. Lakin sonradan bu fikrimdən daşındım. Düşündüm ki, ən yaxşısı kitab formasında olmasıdır. Verilən reaksiyalar sayəsində artıq bu fikrimin doğruluğuna əminliyim daha da artır. Oxuculara təqdim olunan bu kitab üç fərqli kitabın – Robert Dahlın “Demokratiya Haqqında”, Anadolu Universitetinin dərslik olaraq hazırladığı “Modern Cəmiyyətlər” və “İnsan Hüquqları və Azadlıqları” kitablarının xülasəsi olaraq hazırlanıb. Bu mənada kitab sosial və siyasi elmlər üzrə təhsil alan tələbələr, müəllimlər, tədqiqatçılar, ictimai-siyasi fəallar və mövzu ilə maraqlanan insanlar üçün tövsiyyə edilir".

Daha sonra yazarlardan Rasim Qaraca, Namiq Hüseynov, Yalçın İslamzadə, siyasi-ictimai xadim Ramin Hacılı kitab haqqında öz fikirlərini bölüşüb, gənc yazara uğurlar arzu ediblər. 

Aygül Pəncəliyeva 1988-ci ildə Quba rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində bakalavr, daha sonra isə magistratura təhsili alıb. 

Elkin Xəlilov

Qaynar.info