Lalə Niftaliyeva
Ölkə 13:45 19.06.2018

"Aygün parkı"nda qırılan qürurum...

Lalə Niftaliyeva
 
Məktəbi bitirdiyim il Sumqayıt Dövlət Universitetinə qəbul oldum. Çox həyəcanlıydım. Bu həyəcan 17 il ərzində bir neçə dəfə valideynləri ilə Bakıya qonaq gələn qızın qorxuları idi. 

Evdən kənarda yalnız xalamgildə qalardım. O zaman da atam tez qayıtmağım üçün əlindən gələni edərdi. Elə evdən kənarda başlayacağım yeni həyatın başlanğıcına da məni o gətirdi. Dərsin başlamasına 3 gün qalmış qalacağım kirayə evə əlimdə paltarlarım olan çanta, bir də yorğan-döşəyimlə pənah gətirdim. Atam dedi ki, bundan sonra heç kimdən kömək gözləmə, artıq təksən. Yaşamağı öyrən, dedi və getdi. Bundan sonrakı müddətdə yanıma yalnız bir dəfə - mən 4-cü kursa yeni başlayanda gəldi. Elə diplomumu alan kimi də canın tapşırdı, köçdü dünyadan...

Geniş həyət, hündür tavanlı iki mərtəbəli evdən gəlib birdən-birə öz evimizin hamamından da kiçik bir bina evində yaşamağa başladım. Hər gecə yastığı qucaqlayıb ağlayırdım. Dərslər başlayanda bildim ki, rayondan gələn qrup yoldaşlarım da gecələr ağlayır. Sonra ağlamağı tərgitdim. 3 yaş böyük otaq yoldaşım məni yeni həyatıma alışdırırdı. Onunla birgə şəhəri kəşf etməyə başladım. Yeni həyatın qanunlarını da o öyrədirdi mənə. Məsələn, həftədə bir dəfə evi təmizləməli, öz yeməklərimi özüm hazırlamalı, paltarlarımı yumalı olduğumu öyrətdi. 1 aya bu yeniliklərə alışdım. Hətta məndən yaşca böyük və təcrübəli olan bu qıza meylimi saldım. Başımı onun çiyninə qoyub, ağlaya da bilirdim. 

Bir gün yeni rəfiqəmlə alış-veriş üçün şəhərin məşhur "Karvan” ticarət mərkəzinə getdik. Başımız elə qarışmışdı ki, havanın qaraldığının fərqində deyildik. Qəfil qaralan havanı görüb, təşvişə düşdük. Çünki ev sahibi ilə birgə yaşayırdıq və onun qaydalarına görə evə hava qaralmamış gəlmək lazım idi. Oradan çıxıb evə tələsməyə başladıq. 

Və elə bil ildə bir dəfə yuxuma girən həmin hadisəni yaşamağa tələsdiyimiz üçün həyəcanla evə doğru gedirdik. Sumqayıtlıların çox yaxşı tanıdığı "Pioner”in qarşısına yenicə çatmışdıq. 10-a yaxın oğlan bizi dövrəyə alıb sataşmağa başladı. Və bu hər kəsin gözü qarşısında baş verirdi. Maraqlıdır, hər şeyə tez reaksiya verən xalqım bizim yanımızdan düz keçir və baş verənləri görməməzlikdən gəlirdi. Bütün gücümü toplayıb "polis” deyə qışqırdım. Məndən daha böyük olan rəfiqəm isə o qədər kiçilmişdi ki, göz yaşlarının içində boğulacağını düşündüm. Həm ordan düz keçənləri, həm də bizi dövrəyə alanları təhqir etdim. Və onları uzaqlaşdırmağı bacardım. Amma hər şey bundan sonra başladı.

Sən demə, alacağım dərs hələ qabaqda imiş. Zəfər çalmış iki qəhrəman kimi bir-birimizə sıxılıb daha sürətlə evə doğru yenicə üz tumuşduq ki, orta yaşlı bir kişi bizə yaxınlaşdı. "Qorxdunuz? Sizi evə ötürüm?” dedi. İsrarlı şəkildə "yox” deyə qışqırdım. Lakin bu adam bizi izləməyə davam etdi. 2014-cü ildə hələ təmir olunmamış sumqayıtlıların dili ilə desəm, "Aygün parkı”na çatdıq. Hər yer çox qaranlıq idi. Biz də yolumuzu qısaltmaq üçün qaçmağa başladıq. Arxamızca bir nəfərin də qaçdığını hiss etdik. Birdən əl-ələ tutduğum qız əlimi buraxdı və qaçmağa davam etdi. Yəqin siz də yuxuda qaçmaq istədiyiniz vaxt, ayaqlarınızın tutulduğu o anı yaşamısınız. Hə, elə orada, o qaranlıq küçədə ayaqlarım tutuldu. Bir əl yapışdı məndən. Nitqimin tutulduğunu hiss etdim o an. O əlin toxunduğu yerlərdən diksindim. O an bütün insanlıq mədəmə yığıldı və mən qaytara bilmədim...

Qışqırdım... Bütün gücüm səsimdə toplandı və qışqırdım. Səsimə səs verən olmasa da, məni tutan əl qaçmağa başladı. Eləcə yerimdə donub qaldım. Əlimi buraxıb qaçan o əldənmi, məni özümdən iyrəndirən kişi əlindənmi heyrətə gəldiyimi anlamadım. 

Və artıq uzun zamandır həyatımda uzun müddət qalan insan yoxdur. Bu onların yox, mənim vəfasızlığımdır. Mənim qırılan qürurum, tanış olduğum bədənimin travmalarıdır...