Ölkə 09:57 04.08.2018

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
 
Ötən ayın sonu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 19 m3/s təşkil edərək ongünlük normanın 22 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 1 sm artım qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2017-ci il iyulun 30-da 350 sm), Şirvanda 163 sm (2017-ci il iyulun 30-da 207 sm), Salyanda 87 sm (2017-ci il iyulun 30-da 133 sm), Bankədə 167 sm (2017-ci il iyulun 30-da 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2017-ci il iyulun 30-da 51 sm) təşkil edib.