Ölkə 20:20 20.12.2017

Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən tanınmış modelyer Səbinə Hüseynin məhkəmə iclası başa çatıb.

Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona şərti cəza verilərək, məhkəmə zalından azadlığa buraxılıb.

4 gün öncə həbs edilən və bu gün yenidən azadlığına qovuşan S.Hüseynova baş verənlərə aydınlıq gətirib. Modelyer qeyd edib ki, onun həbs olunmasına səbəb dələduzluq deyil, məhkəmə proseslərinə qatılmamasıdır:

"Mətbuatın haqqımda yazdığı yalnış xəbərləri qəbul etmirəm və həqiqəti əks etdirməyən hər xırda detalı təkzib etmək istəyirəm. Həbsimin səbəbi dələduzluq edib, kiminsə pulunu mənimsəməyim kimi yalnış xəbərlər yox, mənim məhkəmə prosesinə qatılmamağımdır. Ağır Cinayətlər Məhkəməsi də haqqımda müvəqqəti həbs qərarı verib. Amma mən bu xəbərlərin haradan qaynaqlandığını yaxşı bilirəm. Əməkdar artist Röya Ayxanın yollarımızı ayırdığımızla bağlı paylaşdığı videodan bəzi insanlar istifadə etdi. Bu paylaşıma ilk, yumşaq desək, reaksiya verən portal Cocktail.az oldu ki, bu gün sarı mətbuat statusu ilə fəaliyyət göstərir. Nə qədər istəməsəm də, həmin şəxsin adını açıqlamaq məcburiyyətindəyəm. Söhbət portalın əməkdaşı Ruslan Əliyevdən gedir. Bu şəxs uzun zamandır çəkişdiyimiz dizayner Ləman Əsgərovanın yaxın silahdaşı və onun sifarişli məqalələrini dərc edən insandır. Xatırladım ki, mənim Ləman Əsgərovaya qarşı 70 min dollarlıq iddiam var. O, ümumilikdə mənə təxminən 150 min dollar məbləğində ziyan vurub. Sadəcə olaraq bəzi sübutlarmız var, bəziləri isə yoxdur”.

Modelyer məhkəmədə iddia olunan məbləğin mediada yalnış qeyd olunduğunu bildirib:

Yayılan xəbərlərdə qarşı tərəfin iddiası 86 min dollar kimi təqdim olunub. Lakin bu belə deyil. Məhkəmə sənədlərində iddia 82 min manat qeyd olunub.  82 min manat iki şərik İlqar BabayevGünel Adığözəlovanın biznesə birlikdə yatırdığı məbləğdir. İ.Babayev və G.Adıgözəlova malların bir hissəsini özlərinə götürərək məbləğin yarısını kompensasiya ediblər. Malların qalan hissəsini isə götürməkdən imtina etdikləri üçün bütün bu məsələlər baş verdi”.

Modelyer həmçinin Röya Ayxanla da olan münasibətinə aydınlıq gətirib. O, qeyd edir ki, Röyanın onunla işbirliyinə son qoymasına səbəb iki ildir davam edən məhkəmə prosesləri deyil:

"Mətbuatda qeyd olunur ki, Röya ilə yollarımızın ayrılmasına səbəb, guya iki ildir davam edən məhkəmə, bu əsassız dələduzluq iddiasıdır. Bu da yalnış məlumatdır. Mən 15 ildir Röya ilə ilk növbədə dostam və onun hər şeydən xəbəri var idi. Bizim işbirliyimizin bitməsinə səbəb mən öz layihəmlə məşğul olmağa qərar verməyimdir. Mən öz brendimə daha çox diqqət və vaxt ayırıram. Röya isə "First Fashion Lab”ı  inkişaf etdirmək istəyir. Biz bu mövzuda ortaq məxrəcə gələ bilmirik. Buna görə də Röya moda evinə yeni dizayner axtarmağa qərar verib. Ancaq bu gün üçün yekun qərar verməmişik. Bəlkə, bu işə başqa dizayner cəlb olunacaq və yaxud da hər hansı bir modelyer mənim qatqımla bu işləri aparacaq. Bu gün demək olar ki, günümün 18 saatı bu moda evində keçir və mənim buna gücüm yetmir. Ancaq nəzərə alsaq ki, bu gün uzun zamandır davam edən məhkəmə prosesi yekunlaşıb. Demək ki, işə ayıracağım vaxt da artıb. Artıq müəyyən stressdən azad olub daha keyfiyyətli iş göstərə biləcəm. Röya ilə bu haqda hələ danışacağıq. Biz hər ikimiz "First Fashion Lab”amaddi və mənəvi güc sərf etmişik. Bura iki 15 il birgə çalışan insanın birliyindən əmələ gəlib.

Bu gün Röya ilə mənim münasibətim və moda evimizin taleyi mətbuatdan asılı deyil. Röya ilə bu illər ərzində çox hadisələr yaşadıq. Bir-birimizə olan münasibəti hələ illər öncə göstərmişik. Lakin son 6 ay ərzində təsəvvür etməyəcəyiniz qədər stresslər yaşadım və Röyaya istədiyim qədər diqqət yetirə bilmədim.

Nəzərə alsaq ki, ikimizin xasiyyətinin çox çətin tərəfləri var, ancaq hər hansısa möcüzə nəticəsində biz bir araya gələ bilirik. Biz sanki ər-arvadıq kimi fərqliyik və kənardan bizə baxanlar "Bunlar necə biri-birini hələ də öldürməyib” deyə təəccüblənirlər. Bir daha hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, Röyanın iki ildir davam edən məhkəmə prosesindən xəbərsiz olduğu yalnış məlumatdır. "First Fashion Lab” bütün hüquqi normalara əsasən yalnız həqiqət üzərində yaranıb”.

Sonda Səbinə qeyd edir ki, bu gün Ağır Cinayətlər Məhkəməsinin qarşısına bir çox jurnalıstlər gəlib: "Oradan çıxarkən məni təbrik etmək istəyən, yaşadıqlarım barədə açıqlama almaq istəyən heç bir mətbuat nümayəndəsi ilə danışmadım və istəmirəm də. 4 gün öncə haqqımda yalan dərc etdikləri zaman düşünməli idilər”.