Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.
"Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Ticarət dövriyyəsinin 15 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 239 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46%-i ərzaq məhsulları, 4,6%-i içkilər və tütün məmulatları, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabı, 6,3%-i elektrik malları və mebel, 5,3%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12,0%-i ticarət müəssisələri tərəfindən, 53,9%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7%, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalar üzrə 1,5% artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat və ya 16,02% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Şərhlər