Sənət 09:17 02.10.2014

Azərbaycan filmi Tokioda

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Nabat” tammetrajlı bədii filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında (TİFF 2014) nümayiş olunacaq.

Bu barədə festivalın təşkilatçıları Tokionun məşhur kino salonlarından bir olan “Toranomon Hilss”də keçirilən mətbuat konfransında məlumat veriblər.

Əvvəlcə “TİFF 2014”ün baş direktoru Yasuşi Şiina konfrans iştirakçılarını salamlayıb. Qeyd olunub ki, festivalda müsabiqəyə Azərbaycan filmi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb. Həmin filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib. Doqquz gün davam edəcək festival rejisorlar Don Holl və Kriss Vilyamsın “Böyük qəhrəman 6” ekran əsəri ilə başlayacaq və Takaşi Yamazakinin “Parazit” filmi ilə başa çatacaq.

Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.

Festivalda müsabiqəyə buraxılan “Nabat” filmi doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq.

“Nabat” filmində Qarabağ müharibəsinin dramatik hadisələrindən biri canlandırılır.

Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları ifa edirlər.

Qaynar.info