İdman 13:46 24.04.2013

Azərbaycan futbolunda möhtəşəm rekord

“Qarabağ”ın futbolçusu Admir Telinin möhtəşəm seriyası qırılıb. 

Apasport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Topaz Premyer Liqasının XXVII turunun “Bakı” ilə görüşünün 58-ci dəqiqəsində meydanı tərk etməklə, əvəzolunmaz statusu ilə vidalaşıb. 

Belə ki, yerini Emeka Oparaya verən Admir neçə illərdir əvəzlənmədən “ağ-qara” formada meydanda olurdu.

Albaniyalı sonuncu dəfə 2010/11 mövsümünün oyununda komandasına tam kömək etməmişdi. Bu, 2010-cu il dekabrın 11-də XVII turun “Simurq”la Zaqataladakı görüşdə baş vermişdi. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın fasiləsində Admiri Aftandil Hacıyev əvəzləmişdi. Bundan sonra isə legioner “Qarabağ” üçün əvəzolunmaz sima idi.

Teli 2010/11 mövsümündə çempionatın son 15 oyununda 90 dəqiqə meydanda olmaqla, əvəzolunmaza çevrilməyə başladı. 2011/12 mövsümündə Avropa Liqasının 6, Premyer Liqanın 32 və Azərbaycan kubokunun 5 görüşündə də onu əvəzləyən tapılmamışdı. Cari mövsümün arxada qalan hissəsində 4 kubok və 26 çempionat matçında da əvəzlənməyən müdafiəçi yalnız 27-ci turda meydanı tez tərk etdi.

Bununla, 862 gündən sonra əvəzlənən müdafiəçi 88 qarşılaşmada 90 dəqiqə mübarizə aparıb. Bu qarşılaşmaların 73-ü Premyer Liqa, 6-sı Avropa Liqası və 9-u ölkə kubokunda olub. Üstəlik, əvəzolunmazlığın davam etdiyi görüşlərin 2-si 90 deyil, 120 dəqiqə davam edib. Bu da əlavə vaxtın oynanılması ilə bağlıdır. Bu isə o deməkdir ki, Teli “Qarabağ”ın oyunlarında 8038 dəqiqədən sonra əvəzlənib. 

Qaynar.info