Səxavət Məmməd
Azərbaycanla Ermənistan arasında sərhəd dövlətlərin yaranmasından bu günə qədər kağız üzərində olub. Tarix və hadisələr elə gətirib ki, iki ölkə arasında sərhəd xətti, xidməti demək olar olmayıb. 1918-ci ildə müstəqillik, 1920-ci ildə işğal, ardından 70 il SSRİ tərkibdə birgə yaşayış, 1991-ci ildə müstəqillik, müharibə, cəbhə xətti... 100 il sonra ilk dəfədir ki, Azərbaycanla Ermənistan arasında sərhəd qurulur.
Müharibədən dərhal sonra Azərbaycan öncə İran sərhəddini qurmağa başladı. Son baş verənlərə özünü qapdıranların beynində sual ola bilər ki, İranla niyə problem olmadı? Çünki İranla Azərbaycanı bir-birindən təbii sərhəd - Araz çayı ayırır. Bu üzdən də, Araz çayının kənarı ilə sərhəd xətti çəkildi. Ermənistanla sərhəddimiz isə SSRİ-nin xəritəsinə uyğun aparılır. Üçtərəfli bəyanatda məhz bu qeyd edilib.
Azərbaycan tərəfi öncə cənub istiqamətinə üstünlük verdi. İran və Ermənistan sərhəddini qurmağa başladı. Buna səbəb həm də ərazinin relyefi idi. Kəlbəcər və Laçın istiqaməti isə ən azı qara görə gözlənilirdi. Bilirsiniz də, hava şəraitinə (yol) görə əsgərlərimizin təminatında da ciddi problem var idi. Həm də, bu işdə daha peşəkarlara ehtiyac var idi.
Hazırda Azərbaycan Kəlbəcər, Laçın istiqamətində öz sərhəddin qurur. Bu Ermənistan ərazisinə girmək yox, məhz öz sərhəddini qurmaqdır. Qaragöl Azərbaycan ərazisidir. O ərazinin götürülməsi, Azərbaycan əsgərinin orda olması Ermənistan tərəfinin nə hay-küy çıxarmasından aslı olmayaraq boş və mənasızdır. Zamanında ermənilər həmin ərazidə fermalar qurmuşdu. O dövrkü Sovet Azərbaycanı hökuməti buna reaksiya verməmişdi. Yəni, o ərazi heç vaxt ermənilərə aid olmayıb.
Sərhədlərin müəyyənləşdirliməsi delimitasiyası və demarkasiya ilə aparılır. Delimitasiya - qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsidir.
Demarkasiya - döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xəttdir. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası aparılır.
Gürcüstanla müharibəmiz olmayıb, ancaq hələ də sərhədlərin delimitasiyası başa çatmayıb. Bildiyimə görə 60 faiz həllini gözləyir.
Gürcüstanla sərhəd hələ tam həll olmayıbsa, Ermənistanla bu proses xeyli vaxt alacaq.
Ötən dəfə də yazdım, etiraz edənlər oldu. Ermənistan ərazisinə girmək başqa şeydir, öz sərhəddini qurmaq tamam başqa şeydir. Bəzi yerlərdə Ermənistan ərazisinə keçmə də olacaq. Bu işğal yox, müharibə yox, sərhəddi təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmaq mənası verəcək. Azərbaycan qalib dövlətdir. Qalib dövlət diqtə edən tərəfdir. Bufer zona yaradanda da, deyəcək ki, "sən bir dəfə mənim ərazimi işğal etmisən, bir də baş verməsin deyə, bu yüksəklikdə mən oturacam".
Azərbaycan işağlda olan torpağını azad edərkən, almadığı təhdid, təzyiq qalmadı. Bir anlıq təsəvvür edin, Azərbaycan Ermənistan ərazisinə girir.
Erməni mətbuatı hansı havanı çalır, bizimkilər də ona oynayır. Bəziləri az qala hoppanıb-düşür ki, Ermənistana girmişik. Sevinmək olar. Ancaq öz sərhəddini qurmağına sevinməlisən. Camaatı çirkin oyununuza alət etməyin.
Vəziyyət necədir? Vəziyyət son dərəcə gərgindir! Bunu indi yazmıram ki, 10 gündür bu barədə yazıram. Azərbaycan sərhəddini qurduğu zaman qarşı tərəf buna məhəl qoymasa, dirəniş etsə, təbii ki, lokal döyüşlər ola bilər. Hər xırda atışma, gərginlik, toqquşma, itələşmə, qarınlaşma müharibə anlamına gəlmir. Ancaq bu nə Azərbaycana, nə Ermənistana lazımdır.
Ümid edirəm bir də bu mövzuya qayıtmayacam.
Şərhlər