İdman 21:07 21.02.2019

Azərbaycan Gimnastika Federasiyası yenə dünyada 1-ci oldu

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.

Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, AGF siyahıda yenə birincidir.

Bildirilir ki, AGF tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kubokunun, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kurslarının, FIG-in Ali orqanı olan Konqresin, digər iclasların və beynəlxalq yarışların yüksək səviyyədə təşkili, həmçinin FIG-in tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyasında bu dəfə də dəyərləndirilib və federasiyamız birinci yerə layiq görülüb.

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-in reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiya sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.