Siyasət 16:50 27.05.2022

Azərbaycan İsraildə nə vaxt səfirlik açacaq? - Ekspertlərin şərhi

"Əminəm ki, Azərbaycan gələn il İsraildə səfirlik açacaq".

Bu sözləri Milli Məclisin deputatı Asim Mollazadə Qaynarinfo-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılmasına böyük ehtiyac var:



"Azərbaycan İsraillə çoxşaxəli əməkdaşlığa malikdir. Ölkələrimiz bir çox məsələlərdə tərəfdaşdır. İsrail bilavasitə "Qarabağa qayıdış” layihəsində yeni texnologiyalarla iştirak edir. Bu baxımdan,  İsraildə səfirliyin açılması bizim münasibətlərimizi daha da genişləndirə bilər”. 

Asim Mollazadə onu da qeyd edir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və Bakının hər hansı bir ölkə ilə yaxınlaşması üçüncü ölkəyə qarşı yönəlməyib. Deputat hesab edir ki, Azərbaycan regionun lider dövlətidir və Bakı ilə heç bir ölkə təzyiq dilində danışa bilməz. 

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanın İsraildə səfirliyinin olması ölkəmizin maraqlarına cavab verərdi: 



"Lakin Azərbaycanın İsrail ilə iqtisadi-siyasi, hümanitar, hərbi əməkdaşlığı yüksək səviyyədədir və səfirliyin olmaması buna mane olmur. İsraildə səfirliyin olmaması sadəcə hansısa diplomamtın hələ səfir rütbəsi almaması ilə bağlıdır. Qalan bütün sahələrdə ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Bakının səfirlik məsələsində yubanmasının bir neçə səbəbi mövcududr. Azərbaycanın milli təhlükəsizlik məsələləri çeviklik tələb edir. Ən əsas olan da ölkənin təhlükəsizliyini qoruya bilməkdir. Bakı milli təhlükəsizliyini hansısa ölkədə səfirlik açmaqdan daha üstün tutmalıdır. Bu baxımdan, məsələyə soyuqqanlı yanaşmağın tərəfdarıyam”. 

Bahar Rüstəmli