İdman 10:00 15.12.2018

Azərbaycan Kubokunda 1/4 final mübarizəsi başlayır

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Bu mərhələdə qaliblər iki matçın nəticəsinə görə müəyyənləşəcək.

1/4 finalın ilk oyununda "Zirə" və "Səbail" qarşıllaşacaq. Bu komandalar kubokda ilk dəfə üz-üzə gələcək. Cari mövsümdə Premyer Liqada iki dəfə qarşılaşa komandaların ilk dueli 1:1 hesabı ilə başa çatsa da, "Zirə" limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb. İkinci qarşılaşmada isə hesab açılmayıb. "Səbail" qış fasiləsində Premyer Liqanın 4-cü, "Zirə" sonuncu pilləsində yollanıb.

Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. İndiyədək kubokda qarşılaşmayan komandaların bu mövsüm Premyer Liqada baş tutan ilk matçında "Neftçi" qələbə qazanıb (0:2), ikinci görüşdə qalib müəyyənləşməyib (0:0). "Ağ-qaralar" Premyer Liqada qış çempionu olub, "gənclik şəhəri" təmsilçisi isə fasiləyə 6-cı pillədə yollanıb.

Qeyd edək ki, bu mərhələnin sabah keçiriləcək oyunlarında "Qəbələ" "Sabah"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Cavab görüşləri isə dekabrın 19-20-də keçiriləcək.

Azərbaycan Kuboku 
1/4 final
İlk oyunlar

15 dekabr
17.00 Zirə - Səbail
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Fizuli Nəcəfov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
"Dalğa Arena".

19.00 Neftçi - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bakcell Arena".