İdman 11:57 22.10.2020

Azərbaycan millisi dünya reytinqində Niger və Tailanddan da geri düşdü

FIFA milli komandaların yeni reytinqini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, iki pillə geriləyən Azərbaycan yığması 1175 xalla 114-cü sırada qərarlaşıb. 2 xal itirən komandamız Niger və Tailandı özündən qabağa buraxıb.

Bu geriləməyə səbəb komandamızın son uğursuzluqlarıdı. UEFA Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 hesabı ilə uduzan yığmamız ardınca Kiprlə qolsuz heç-heçə edib.
 
Millimizin noyabrın 10-da yoldaşlıq oyunu keçirəcəyi Sloveniya 2 pillə irəliləyərək 62-ci yerə yüksəlib (1376 xal). Komandamızın noyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində üz-üzə gələcəyi Monteneqro 1 pillə geriləyib (64-cü yer, 1369 xal), bundan 3 gün sonra qarşılaşacağı Lüksemburq isə 2 pillə irəliləyib (95-ci yer, 1247 xal).

Qardaş Türkiyə millisi 1486 xalla 33-cü pillədədi. Şenol Günəşin yetirmələri bir pillə geriləyib.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765), Fransa (1752) və Braziliya (1725) siyahıya başçılıq edir.