İdman 14:25 23.04.2019

Azərbaycan millisinin sabiq futbolçusu döyülməsi barədə açıqlama yayıb

"Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa doğrudur".

Qaynarinfo xəbər verir ki, bu sözləri milli komandamızın keçmiş üzvü Saşa Yunisoğlu deyib. 

Bir neçə gün öncə Xətai rayonu N.Rəfiyev küçəsində 2 nəfər naməlum şəxs tərəfindən döyülən veteran futbolçu şəxsi "Facebook" səhifəsində başına gələn hadisənin təfərrüatlarını açıqlayıb:

"Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini almağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım, bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdı".

İndsident nəticəsində ciddi xəsarət almadığını bildirən Saşa polisə müraciət etməyib: "Heç bir yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki, cəmiyyətimizdə idmançılara hörmət var".