Ölkə 12:43 21.09.2020

Azərbaycan onlayn dərs labirintində: çarə görünmür (Ekspert)

"Təəssüf ki, bu sahədə Təhsil Nazirliyi hələ də bir addım atmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bir ailədə 2 və daha çox oxuyan şagirdin internetə çıxış imkanının olmamasından danışarkən deyib. Ekspert Azərbaycanda belə ailələrin sayının 30 mindən çox olduğunu vurulayıb:

"Tədris müəssisələri açıldı. Bu gün Azərbaycanda 1 milyon 600 min şagird var. Onun bir milyon 2 mini regionların payına düşür. Onların hamısını kompüter, planşeti və internetə rahat çıxışı yoxdur. Azərbaycanda 30 mindən çox ailədə oxuyan şagirdin sayı 2 və daha artıqdır. Üstəlik bəzi ailələrdə valideynlərdən biri ya ikisi də müəllimdir. Bunlar eyni vaxtda onlayın dərslərə qoşula bilmirlər. Bunun tənzimlənməsi üçün vahid deyil, müxtəlif tipli cədvəllər tətbiq edilməlidir. Təəssüf ki, bu sahədə Təhsil Nazirliyi hələ də bir addım atmayıb. Həmin məktəblər üçün günün müxtəlif saatlarını əhatə edən onlayın dərslərin cədvəlləri olmalıdır. Bütün siniflər üzrə onlayın dərslər saat 9:00 –da yox, bir az tez, yaxud da bir az gec başlamalıdır. Bunu məktəb özü tənzimləməlidir”.
 
 

Kamran Əsədov qeyd edib ki, belə ailələrdə oxuyan  şagirdlərlə bağlı əməli iş görülməlidir: 

"Dərs cədvəlləri müxtəlif saatlarda təşkil edilməlidir. Yəni, birinci sinif saat 9:00-da, ikinci sinifin isə dərsləri saat 11:00-da başlaya bilər. Proses belə tənzimlənərsə, şagirlərin problemi aradan qalxa bilər. Yoxsa heç bir halda şagirdlərin tam şəkildə dərsə cəlb olunması mümkün olmayacaq. Ümumiyyətlə, istər onlayın və istərsə də ənənəvi qaydada dərslərdə şagirdlərin dərsdən geri qalması və yayınması çox pik həddə çatacaq. Bu isə şagirdlərə mövzunu mənimsəməyə imkan verməyəcək. Yeganə hal ondan ibarətdir ki, müxtəlif dərs saatları tətbiq edilməli və şagirdlərin hamısı planşetlərlə təmin olunmalıdır”. 

Bahar Rüstəmli