Foto 17:55 08.10.2018

Azərbaycan ordusu qış rejiminə keçir (FOTO/VİDEO)

Azərbaycan ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.