Azərbaycan Ordusuna dəstək aksiyası (FOTOLAR)

Azərbaycan Ordusuna dəstək aksiyası (FOTOLAR)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, UNEC-in rəhbərliyi, professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olub.

Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə çıxış edən general-mayor Xəqani Cəbrayılov bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib. 

UNEC-in rektoru Ədalət Muradov isə hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb.

Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Əməkdar artist Nizami Abdullayevin iştirakı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. 

"Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb. Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.

Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub. 

Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub. Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR