Ölkə 17:26 05.06.2020

"Azərbaycan Ordusunun gücü göz qabağındadır"

Yaşadığımız dövrün İnformasiya müharibəsi dövrü olduğu hamımıza məlumdur. Bu dövrdə istənilən insan, istənilən insanı asanlıqla tənqid də edə bilər, tərif də. 

İndiki zamanda hətta böyük dövlətlər belə internet üzərindən müharibələr aparır və bu üsulla istənilən güclü dövləti zəiflətmək, hətta məğlub etmək olar. 

Son zamanlar belə qara buludlar dövlətimiz üzərində dolaşmaqdadır. Burada qonşu düşmən dövlətin və Azərbaycanın gücünü gözü götürməyən digər xarici ölkələrin əli ilə yanaşı, öz mənafeyi naminə çalışan insanlar da az deyil. 

Bir dövləti zəiflətmək üçün birinci onun ordusundan, sonra təhsilindən və səhiyyəsindən başlamaq lazımdır. Bütün ölkələrdə Ordu dövlətin ən böyük güc strukturudur. 

Azərbaycan Ordusunun gücü isə göz qabağındadır və bu düşmən ölkə ilə yanaşı digər xarici ölkələri çox narahat edir. Mən hər bir Azərbaycan vətəndaşı kimi mütəmadi olaraq xidmət keçən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıram. İndiki dövrdə əsgərlərin sosial-məişət təminatını biz ancaq xarici filmlərdə görürdük. Mən dəfələrlə açıq qapı günündə əsgərlərin yeməkləri, yataq yerləri, hamam və digər şəraitləri ilə tanış olmuşam. Vətənə xidmət edən hər bir kəs bizim övladlarımız, qardaşlarımızdır. Vətəni sevən hər kəsin borcudur ki onlara dəstək olsun. 

Son zamanlar bəzi qüvvələrin əsas hədəfi Ordu rəhbərliyidir. Bu mübarizəyə qoşulanlar isə sabiq Müdafiə naziri Səfər Əbiyevin bu postda daha səmərəli iş gördüyünü bəyan ediblər. Bu tip fikirləşən insanlar ya hərbi xidmətdə olmayıb, ya da Səfər Əbiyevin vaxtında xidmət etməyiblər. Yoxsa əsgərlərin bit-birə içində necə yatdıqlarını heç vaxt unutmazdılar. 
Aylıq maaş üzünə həsrət qalan əsgərlər valideynlərin göndərdiyi pulla hamamı qızdırmaq üçün təkər aldıqlarını, hamama ağ girib təkərin tüstüsündən qara çıxan hərbi xidmətlərini heç vaxt unutmazdılar. 

Qalıq qalan yeməkləri yemək üçün yeməkxana naryadı üstündə dava salan yarı ac, yarı tox əsgərlərin gördüyü mənzərəni görmək nə qədər utancverici olduğunu bir düşünün. 

Hərbi hissələrə girəndə birələrin insana necə daraşdığını, susuzluqdan dodaqlarını soyuq dəmirə yapışdıran əsgərlik dövrünü necə unutmaq olar. Bəli, sabiq Müdafiə naziri Səfər Əbiyevin dövrünü arzulayan cənablar, səhv fikirdəsiz. İndi Azərbaycan Ordusu tarixinin ən güclü dövrünü yaşayır. Çatışmayan bir şey var, o da torpaqlarımızın işğalda olması. Bu hər birimizin yaralı yeridir. Bizim tək istəyimiz cənab Ali Baş Komandan döyüş əmri verəcəyi günü görməkdir. Bu gün Azərbaycan ordusu düşməni məhv etməyə, ona layiqli yerini göstərməyə tam hazırdır. Onda bu, Ordumuza qara yaxanlara ən yaxşı cavab olacaq.

Arif Süleymanov, valideyn