Azərbaycan təhsilində 5 ciddi problem (ŞƏRH)

Azərbaycan təhsilində 5 ciddi problem (ŞƏRH)

"Bu gün Azərbaycanda şagirdlərin bilik səviyyəsinin olduqca aşağı olmasının konkret səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, məktəblərdə tədris proqramları həddin artıq ağırdır, ikincisi, dərsliklər bərbad vəziyyətdədir, üçüncüsü, müəllimlərin peşəkarlıq səviyyəsi çox aşağıdır, dördüncü, ümumtəhsil məktəblərində tədris mühiti tamamilə pozulub, beşincisi isə təhsilin idarə edilməsi prosesində təlim-tərbiyə müəssisələrinin sahibkarlıq subyekti kimi vəzifələri qabardılıb".

Bu sözləri axar.az-a təhsil eksperti Elşən Qafarov ümumtəhsil məktəblərindəki ümumi problemlər barədə danışarkən deyib.
 


Ekspertin sözlərinə görə, bu gün ali məktəblərə qəbul olan uşaqlar repetitorların, ya da özlərinin zəhməti əsasında buna nail olurlar. Çünki məktəbin və məktəb müəllimlərinin bu tədris proqramları və dərsliklərlə verdiyi biliklə buna nail olmaq mümkün deyil:

"Nəzərə alın ki, bu gün ali məktəblərə qəbul Dövlət İmtahan Mərkəzinin proqramları və vəsaitləri əsasında aparılır. Ümumtəhsil məktəblərində isə imtahanlar Təhsil Nazirliyinin proqramları və dərslikləri əsasında təşkil olunur. Bunlar arasında da çox ciddi fərqlər var. Məhz ona görə də yuxarı sinif uşaqlarının dərslərdən yayınması halları kütləvi halda baş verir və qarşısını da almaq mümkün deyil. Çünki məktəbə getmək əhəmiyyətsizləşib. Valideyn də, şagird də başa düşür ki, ali məktəbə qəbul olmaq üçün məktəbə yox, repetitor yanına getmək lazımdır.

Azərbaycan abituriyenti dünyada yeganə abituriyentdir ki, öz istəyinə uyğun olmayan təhsil almağa və həmin təhsil sahəsində işləməyə məhkumdur. Bu gün istənilən abituriyentdən onun kim olmaq istədiyini soruşsanız o, cavabında peşənin adını deyil, "1-ci qrup”, "2-si qrup” və ya "3-cü qrupu istəyirəm” cavabı verəcək. Məktəbdə verilən təhsildən tutmuş qəbul qaydalarına, ixtisas seçiminə qədər, bütün istiqamətlərdə o qədər çatışmazlıqlar var ki, nəticədə də belə qeyri-peşəkar kadrlar ortaya çıxır”.

Ekspert bildirib ki, qəbul imtahanı qaydalarında qruplar üzrə yox, peşələr üzrə seçim olmalıdır:

"Bu gün ümumtəhsil məktəblərində 4 fənn müəllimləri həddən artıq savadlı olurlar. Onlardan ikisi kimya və biologiya müəllimləridir ki, onlar əvvəlcə həkim olmaq istəyiblər. Sadəcə balları çatmadığı üçün müəllimliyə düşüblər. Daha sonra tarix müəllimləri kifayət qədər savadlı olurlar. Çünki onların da əksəriyyəti hüquqa sənəd verib balı çatmadığı üçün müəllimliyi oxuyanlardır. Digərləri isə xarici dil, xüsusilə ingilis dili müəllimləridir. Onların da əksəriyyəti tərcüməçilikdən kəsilib müəllimlik oxuyanlardır. Ən savadsız hesab edilənlər isə ibtidai sinif müəllimlərdir ki, onların əksəriyyəti balları aşağı olduğu üçün o ixtisası oxuyublar.

Bu onun göstəricisidir ki, proses düzgün qurulmayıb. Təhsildə hazırda o qədər neqativ və boşluqlar var ki, bunları aradan qaldırmaq üçün uzun zaman lazımdır. Bu neqativlər, boşluqlar aradan qaldırılmayana qədər də nümunəvi dərsliklərdən, yüksək təhsildən və peşəkar müəllim heyətindən söz gedə bilməz”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR