Siyasət 16:46 27.07.2020

“Azərbaycan-Türkiyə hərbi təlimləri işğalçıya və onun arxasındakı gücə mesajdır”

"Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı. "Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi – Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.

Bunu "MediaPost”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır:

"Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır. Çünki Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi amillərin ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də başda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla, müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildirdilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş, Türkiyənin Azərbaycanda hərbi bazalarını yerləşdirməsinə qədər bəndləri nəzərdə tuturdu”.

Politoloq iyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimlərinin keçiriləcəyinə də münasibət bildirib: 

"Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq. Buna baxmayaraq, builki hərbi təlimlərin coğrafiyasının geniş olması diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu, çox vacib məqamdır və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır. Türkiyə Qars müqaviləsi ilə yalnız Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin coğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsizliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişin imzalanmasını diktə edir”.