Siyasət 12:26 14.01.2021

Azərbaycan, Türkiyə və Pakistanın İslamabad görüşü nə vəd edir? (ŞƏRH)

"Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geo-siyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramlı bildirib. Onun sözlərinə görə, bu ümumi nominal ümumi daxili məhsulu (ÜDM) 1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir:
 
 

"Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər".

Deputat hesab edir ki, üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir:

"Hazırda, Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb.
 
Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir".

Vüqar Byarmov hesab edir ki, Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları var:

"Gözlənilir ki, sözügedən ölkələrin şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar".

Bahar Rüstəmli