Ölkə 22:00 20.12.2017

Azərbaycan xaricə işçi qüvvəsi göndərə bilər

Azərbaycan xarici ölkələrə işçi qüvvəsinin ixracına başlaya bilər.

Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycanda işçi qüvvəsinin sayı ona olan tələbatı üstələyir: "Bizim qarşımızda bu işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi məsələsi dayanır. Yeni iş yerlərinin yaradılması və ya onun xaricə ixrac olunması. İkinci halda bu işçi qüvvəsi dünya bazarında rəqabətqabiliyyətli ola biləcəkmi?”

S.Müslümov həmçinin qeyd edib ki, artıq işçi qüvvəsi problemini təkcə yeni iş yerlərinin açılması ilə həll etmək olmaz: "Bu məsələni bir sıra proqramları icra etməklə - frilanser fəaliyyətinin, növbəli işin təşkil olunması, özünüməşğulluq proqramlarının yaradılması və işçi qüvvəsinin ixtisasının artırılması ilə onun xaricə ixracını təşkil etməklə həll etmək mümkündür”