Ekonomiks 17:53 29.07.2018

Azərbaycan xaricə nə qədər şərab satır?

Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib.

E.Mədətov deyib: "2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur. 2018-ci ilin sonuna biz şərab ixracının 100 faizlik artımını gözləyirik".

Mədətovun sözlərinə görə, Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 faiz), Çin (7 faiz), Avropa, Belarus və Qırğızıstandır: "Orta hesabla illik şərab istehsalı 14 milyon butulka ətrafında gözlənilir, onun 5 milyonu ixrac üçün, qalan 9 milyonu isə daxili bazarda reallaşdırılacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə 2025-ci il üçün şərab ixracını 5 dəfə artırmaq planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, alkoqollu, alkoqolsuz içkilərin, həminin şərab sirkəsinin ixracı 2018-ci ilin yanvar-iyun aylarında 7 161 660 dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 36,44 faiz azdır. Qeyd olunan məhsulların idxalı isə 35 835 160 dollar təşkil edib, bu da 2017-ci ilin dövrü ilə müqaisədə 17,92 faiz çoxdur.