Xəbər lenti

Azərbaycan XİN-dən Ermənistan vitse-spikerinə cavab
Siyasət 19:29 29.12.2017

Azərbaycan XİN-dən Ermənistan vitse-spikerinə cavab

"Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır".

Bunu Qaynarinfo-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin spikeri E. Şarmazanovun bəyanatını şərh edərkən deyib.

O bildirib ki, hər bir açıqlama ilə E. Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir: 

"Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirməsinə ehtiyac var. Beynəlxalq hüquqda "uti possidetis” prinsipi müəyyən edir ki, dövlət müstəqilliyini əldə etdiyi halda, onun mövcud sərhədlərinə hörmət edilməlidir. SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycan və Ermənistan SSR-nin sərhədlərinə münasibətdə "uti possidetis” prinsipi tətbiq olunub. 18 iyul 1988-ci il SSRİ Ali Sovetinin prezidiumu Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində qalmasını bir daha təsbit edib. 10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin prezidiumu Ermənistan SSR-in Ali sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1 dekabr 1989 və 9 yanvar 1990-cı il tarixli qərarları SSRİ konstitusiyası əsasında qeyri-qanuni hesab edilib.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan köklü Azərbaycan əhalisinə qarşı aqressiv separatizm əməlləri nəticəsində etnik təmizləmə törədildikdən sonra 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağın yalnız erməni əhalisinin iştirakı ilə qanunsuz və qeyri-legitim "referendum” keçirildi. Ermənistan tərəfinin əsassız olaraq istinad etməyə çalışdığı SSRİ-nin 3 aprel 1990-cı il tarixli "İttifaq Respublikalarının SSRİ-dən ayrılması məsələlərinin həll edilməsi prosedurlarına dair” qanunu respublikaların SSRİ-dən ayrılmasının spesifik prosedurlarını müəyyən etmişdi. Burada da müəyyən olunur ki, müttəfiq respublikanın mərkəzi hakimiyyətinin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməzdi. Beləliklə, keçmiş SSRİ hüquqi sistemi tərəfindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın birtərəfli qaydada aqressiv separatizm yolu ilə Azərbaycan SSR-in tərkibindən çıxması cəhdlərinin qeyri-qanuni xarakter daşıması konstitusional səviyyədə təsdiq edilmişdi”.

H. Hacıyev bildirib ki, Ermənistan və Azərbaycanın müstəqilliyini əldə etməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv separatizm əməlləri açıq müharibə forması alaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmənin törədilməsi ilə nəticələnib: 

"MDB-nin yaranmasına dair 21 dekabr 1991-ci il tarixli Alma-Ata bəyanatına əsasən, Ermənistan və Azərbaycan digər keçmiş SSRİ respublikaları kimi "bir-birilərinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair” öhdəlik qəbul ediblər. İndi Ermənistan bu öhdəliyini inkar etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq olunaraq, güc tətbiq olunması ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyi, o cümlədən 874 saylı qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq olunub. Həmçinin, qətnamədə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılması tələb olunur. Erməni təbliğatı qəsdən yenə də tarixi saxtalaşdıraraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli iclasının protokolunu təhrif edir. Şarmazanov və onun həmkarlarına xatırlatmaq istərdik ki, həmin protokolda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması qeyd olunub və inzibati mərkəzi Şuşa şəhəri olmaqla, Dağlıq Qarabağa olmaqla vilayət muxtariyyəti verilib. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir tarixi, hüquqi, siyasi və mənəvi əsası yoxdur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən yaradılmış qondarma rejim yalnız işğal, təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir. Şarmazanov və onun kimiləri nəhayət başa düşməlidir ki, sivil dünya güc tətbiq edərək yaranmış vəziyyəti heç vaxt legitim qəbul edə bilməz. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin ediləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->