Siyasət 09:37 26.01.2022

Azərbaycana hesabat vermək əvəzinə, Zaxarova müxtəlif qaydalardan danışır

"Zaxarova növbəti dəfə prosesi manipulyasiya etməklə məşğuldur və o, Rusiyanın bu kimi məsələlərdə öz bildiyi kimi hərəkət edərək heç kimə cavab verməyəcəyini ortaya qoyur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın rus sülhməramlıları komandanlığı tərəfindən Qarabağda sülhməramlı missiyanın həyata keçirildiyi rayonların ziyarət edilməsi qaydalarının müəyyənləşdirildiyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:

"Sülhməramlı əməliyyatın keçirildiyi rayonlar Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır. Orada istənilən qaydanın tətbiq olunub-olunmamasından asılı olmayaraq, sülhməramlıların məsuliyyət zonasında səlahiyyəti yalnız prosesdə təhlükəsizliyi təmin etməkdən ibarətdir. Bu da tərəflər arasında atəşkəsin davamlı olması, bu xüsusda təhlükəsizliyi təmin edən bütün elementlərin dövriyyəyə salınmasından ibarətdir. Yəni bu dəhlizdə post quran qüvvənin vəzifəsi hər bir maşını və onun içində olan insanları, yükləri yalnız yoxladıqdan sonra əraziyə buraxmaqdan ibarətdir. İstənilən xarici ölkə vətəndaşı istənilən statusda, cəsusluq niyyətindən tutmuş müəyyən silahların əraziyə gətirilməsinə qədər müxtəlif cinayət xarakterli məsələlərin hamısı ilə bağlı bilavasitə məhz sülhməramlılar məsuliyyət daşıyır”.

Həmsöhbətimiz sülhməramlıların fəaliyyətləri barədə Bakıya hesabat verməli olduqlarını deyir:

"Öz məsuliyyətləri çərçivəsində Rusiya mütəmadi olaraq Azərbaycana hesabat verməlidir. Amma təəssüf ki, hesabat vermək əvəzinə, Zaxarova müxtəlif qaydalardan danışır. Hansı qaydalar qoysalar da, bütün dünyada qəbul olunan standartlar var. Sülhməramlılar atəşkəsi və təhlükəsizliyi təmin etmirsə, deməli, əməllərinin arxasında gizli gosiyasi niyyətlər dayanır və onlar konkret sifarişlər əsasında fəaliyyət göstərir”.

Rüfət Sultan