Ölkə 14:52 05.03.2018

Azərbaycanda 31 kriminal avtoritet həbs olunub

Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.

Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.