Video 21:41 28.01.2018

Azərbaycanda 91 yaşlı çoban (VİDEO)

Yapıncı, papağı və çobanlara xas xüsusiyyətləri ilə görənlərin marağına səbəb olur. Ağdam kənd sakini Fərman İsmayılov həm də bu işi davam etdirən ən yaşlı insanlardandır.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, dəstək olmadan ata minə bilmir, ancaq çobanlığını 100 yaşına qədər davam etdirmək istəyir.

Yapıncısı, papağı və çomağı...

Tovuz Rayonun Ağdam kənd sakini 91 yaşlı Fərman İsmayılov 70 ildən çoxdur ki, çobanlıq edir. Gənc yaşlarından təbiət həvəskarı olan Fərman İsmayılov elə o vaxtdan indiyə qədər bu işin qulpundan yapışıb. Olduqca gümrah görünən Fərman kişi çobanlığın bütün sirrlərini bilir. Müasir həmkarlarından fərqli olaraq çobanlara məxsus ənənəvi geyim olmadan heyvan otarmır.

Fərman kişi deyir ki, əsl çobanın yapıncı, papağı və ayağında çəkməsi olmalıdır. Xüsusilə, yapıncı onu yağışdan, soyuqdan və çovğundan qoruyur. Həmçinin çobanın yanında etibarlı bir alabaş, altında isə yaxşı qaçan at olmalıdır. Bu illər ərzində O, qeyri adi hadisələrlə qarşılaşıb...

Fərman İsmayılovun 70-dən çox nəvə, nəticə və kötükcəsi var. 91 yaşı olsa da özünü gümrah hiss edir və deyir ki, qismət olarsa, 100 yaşına qədər çobanlıq eləmək istəyir.