Ekonomiks 17:29 04.03.2020

Azərbaycanda analoq televizor satışının 70-90% aşağı düşməsi... (EKSPERT)

"Arıtq yeni nəsil məlumatları smart televizorlar və kompüter üzərindən izləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda analoq televizor satışının 70-90% aşağı düşməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, əslində bu, tək Azərbaycanda deyil, dünyada gedən prosesdir:

"Yeni nəsil insanlar məlumatları smart televizorlar və kompüter üzərindən izləyir. Obrazlı desək, böyük ekran kiçik ekrana uduzmağa başlayır. Artıq Azərbaycanda da bu tendensiya var. Bizdə isə televiziyanın özündən də qaynaqlanan səbəblər var. Televiziyalarımızın təqdim etdiyi verilişlər həddindən artıq bəsit və maraqsızdır. Onların təqdim etdiyi verilişlər insanları cəlb etmək üçün kifayət etmir. Bəzi müsbət verilişlər də var. Məsələn, İctimai Televiziyanın təqdim etdiyi yeniliklər müəyyən dərəcədə marağı artırıb. Amma televiziyalarda maraqlı verilişlər olduqda belə onların internet və sosial şəbəkə üzərindən izlənilməsi daha çox olur. Bu da maraqlı bir tendensiyadır. İnsanlar zamanlarına qənaət edirlər. Yolda gedərkən Smart üzərindən istədiyi məlumatı ala bilirlərsə, artıq bu, televiziyaların hegemon mövqeyini itirir”.

Natiq Cəfərlinin fikirincə, televiziyalar daha çox öz üzərində işləməlidirlər ki, izləyici cəlb etsinlər: 

"Əslində, televizorlarda nəsil dəyişimi baş verib və verəcək. Smart TV-yə keçid getdikcə artır və son dövrlərdə onların qiymətində enmə müşahidə olunur. Gələcəkdə televiziorların əsas funksiyası internetə qoşulmasına görə dəyərləndiriləcək. İnternet üzərindən izlənilən televiziyalar bir müddət alıcı tapacaq. Amma analoq televiziyaların getdikcə sıradan çıxmasının şahidi olacağıq”.

Bahar Rüstəmli