Ölkə 23:56 07.02.2019

Ölkədə cins nisbəti pozula bilər

Selektiv abort ilə bağlı vətəndaşları narahat edən məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqətindədir.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, Komitə cins nisbətində süni şəkildə yaranan disbalansı aradan qaldırmaq üçün milli fəaliyyət planı üzərində işləyir. Komitənin informasiya və analitik araşdirmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, hazırlanmasına ötən ildən başlanılan layihədə bir sıra məsələlər öz əksini tapıb.

Aynur Veysəlovanın sözlərinə görə, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni isə qadınlar təşkil edir. Bu nisbət son vaxtlar yeni doğulan uşaqlar arasında oğlanların sayının artması nəticəsində yaranıb. Halbuki, təbii tempdə bu nisbət qadınların xeyrinə 51 faizə yaxın bir rəqəm olmalıdır. Komitə rəsmisi deyib ki, bu faktor gələcəkdə bir sıra problemlərə yol aça bilər.
Hazırda sonuncu işləmə mərhələsində olduğu bildirilən Milli Fəaliyyət Planının yaxın zamanlarda qəbul edilməsi gözlənilir.