Azərbaycanda CV hazırlamaq problemi: "Xoddayanda aktiv olur, söndürəndə passiv"

Azərbaycanda CV hazırlamaq problemi: "Xoddayanda aktiv olur, söndürəndə passiv"

İnsan resurslarının idarəolunması (HR) dünya praktikasında təşkilat strukturunun əhəmiyyət kəsb edən əsas bölümlərindən biridir. Hər nə qədər bizdə bu şöbə “rusdilli” qəşəng xanımların adları ilə vəhdət təşkil etsə də, artıq bu sahədə də inkişaf və həqiqi mütəxəssilər mövcuddur. 

Hazırkı vəziyyətdə xüsusilə işsiz gənclər HR-lardan şikayət edib, göndərilən CV-lərin, baş tutan müsahibələrin düzgün qiymətlədirilmədiyini bildirirlər. Bunu isə adətən məsul şəxsin işində peşəkar olmaması ilə əlaqələndirirlər. Tez-tez sosial şəbəkələrdə həmin gənclərin bu cür şikayətləri ilə qarşılaşmaq olur. 

Bu məqamda digər tərəfin fikirləri mənim üçün maraqlı gəldi. Elə bu səbəbdən bir neçə HR mütəxəssisinə işəqəbul üçün göndərilən CV və baş tutan müsahibələrdə qarşılaşdıqları maraqlı hadisələrdən, ümumilikdə bu proseslər zamanı ən çox qarşılaşdıqları problemlərdən bizi agah etmələrini xahiş etdim.

Cəfər Qənbərzadə, “Bizim Market”in HR mütəxəssisi


“Özüm əməliyyatlar üzrə HR işləyirəm. Amma o qədər də böyük şirkət olmadığı üçün, işəqəbul proseslərinə də baxıram. Bu cür hallar baş verdiyi zaman bu məsələni namizədin xeyrinə dəyişməyə çalışıram. Sürücü kimi işləmək istəyən xanım, kassir və satıcı olaraq yaş həddi qoymağımıza baxmayaraq müraciət edən yaşlı qadınlar olub. Hətta fantastik filmə baxıb həmin filmdən fraqmentləri CV-də əks etdirənlər var. Mühasib vakansiyası üçün müraciət edənin mühasiblik anlayışının olmadığını, zəif riyazi məntiqi olduğunu da görmüşəm. Hətta təchizat üçün gələn namizəd işi müsahibə zamanı öyrənib. 

Namizədlərin çoxu CV-lərini tam doldurmağı bacarmırlar. Elə olur ki, hansısa saytdan hazır CV-ni kopyalayıb üzərində bir az düzəliş edib göndərirlər. Excel üzərində CV göndərənlər olub. Bəzən müraciət edənin yaxşı təhsil adığını görürsən, amma CV-də məlumatları aydın izah etməyib. Məsləhətim odur ki, CV-ləri Word listində xanalar içərisində hazırlamasınlar. İş təcrübələrini və bacarıqlarını ardıcıl formada qeyd etsinlər. Bəziləri hobbi olaraq kitab oxuduqlarını qeyd edirlər. Bu cür yazmaqdansa, öz sahələri ilə bağlı hansı kitabları oxuduqlarını qeyd etmələri yaxşı olar".

Ülvi Həsənli “Gilan Holding”in HR mütəxəssisi


"Qarşılaşdığım sonuncu maraqlı hadisə belə olub: bir xanım üstün cəhəti kimi Dubayda yaşadığını qeyd etmişdi. Bu cür hallar müsahibə zamanı daha çox olur. Hətta bir dəfə xanımla müsahibəni yarımçıq dayandırmışam. Ailə vəziyyətini soruşduğum zaman ayrılma səbəbinə xoş olmayan vəziyyəti rahatlıqla dediyi üçün əsəbiləşdim. Həmişə hər cür hərəkətləri başa düşməyə çalışıram, amma o sözə səbr edə bilmədim.

Fikri dağınıq olanlar, qeyri-etik davrananlar, bəzən də əsəbi olanlar gəlir. Bir dəfə müsahibə zamanı namizədə "işlədiyiniz şirkətdə karyera imkanlarını necə görürsünüz" sualını verdim. Namizəd 1-2 dəqiqə danışdıqdan sonra məndən “Bağışlayın sual nə idi?” deyə soruşdu.

Daha bir xanım namizəddən isə müsahibə zaman özü haqqında soruşanda əsəbi şəkildə “CV-də var də” cavabını verdi. Sonra xanımdan yaşını soruşdum bu dəfə isə “bilmirisiniz xanımdan yaş soruşmaq ayıbdır” cavabını aldım. Gərgin vəziyyətdən sonra xanıma test verdim, nəticəsi pis olduğu üçün əsəbiləşib sağ ol demədən çıxıb getdi.

Başqa bir müsahibədə isə anası ilə gələn xanım vardı. Valideyn təəccüblə “Qızım hər gün səhər tezdən bura gəlməlidir? Bir az iş yerini yaxın edərdiniz də"- dedi. Department rəhbəri də mənimlə müsahibədə iştirak edirdi. Rəhbər xanım qadını sakitləşdirmək, razı salmaq istəyirdi ki, valideyn bölmə rəhbərinə hirslənərək dedi ki “Sən danışma, görmürsən kişi ilə danışıram”. 

Bu yaxınlarda isə “Linkedin”də axtarış etidiyim zaman iş axtaran xanımla rastlaşdım, Profilinə baxsam da, özü haqqında məlumatları tam yerləşdirmədiyini gördüm və bu səbəbdən mesaj yazaraq hansı ixtisas ürzə iş axtardığını soruşdum, lakin xanım necə deyərlər məni “ağ yuyub qara sərdi”. “Nəyinə lazımdır, sizin kimiləri bilirəm iş təklifi adı ilə nələr istəyir”- deyə cavab verdi. 

Ümumiyyətlə, gördüyüm çatışmazlıq isə gənclərin arzularının olmamasıdır. Gələcək planlarını, arzularını soruşduqda əksəriyyəti cavab verə bilmir".

Abid Səmədov, “SOS Uşaq Kəndləri Azərbaycan”nın HR mütəxəssisi


"Namizədlər tərəfindən göndərilən çox maraqlı və "qəribə" CV-lərlə qarşılaşırıq. Məsələn, bir neçə ay əvvəl belə bir CV almışdım: CV-nin adı "Səni sevməmin 50 səbəbi" idi. Çox təəssüf ki, namizədlər CV-lərin tərtibatında xırda, ancaq onlar haqqında müəyyən fikir formalaşdıracaq məqamlara fikir vermirlər. CV-lərə əlavə olunan fotolar də bəzən çox qəribə olur. Toyda, hər-hansı tədbirdə çəkilən şəkillər, selfilər və s. kimi şəkillərdən istifadə edilir. Hətta bəzən CV-yə bir qrup insanın birlikdə çəkilən şəkli əlavə olunur, CV-ni dəyərləndirən şəxs isə namizədin bunlardan hansı olduğu haqqında "baş sındırır".

Ən çox qarşılaşılan çatışmazlıqlara misal olaraq göstərə bilərəm ki, namizədlərin müəyyən hissəsi müsahibəyə hazırlaşmadan - şirkət haqqında məlumatları araşdırmadan, müraciət etdiyi vakansiyanın tələblərini tam dərk etmədən, özünün niyə bu vakansiyaya uyğun olduğuna tam qərar vermədən gəlirlər. O cümlədən, bəzən namizədlər ümumi qəbul olunan geyim forması və s. kimi məqamlara da diqqət etmirlər".

“Xoddayanda aktiv olur, söndürəndə passiv”

Maraqlı müsahibə yaşayan işəgötürən tərəflərdən biri də N.Ə-dir. “Əhvalatın qəhrəmanı”nın özünü inkişaf etdirərək hazırda tanınmış şirkətlərdən birində işlədiyini bildirən N.Ə bu səbəbdən adının qeyd olunmamasını xahiş etdi: 

 “Mən plan şöbəsinin müdiri idim. Mühasibatlıqda isə cəmi bir adam işləyirdi. Həmin əməkdaş işlər çox oluğuna görə 4 il idi ki, məzuniyyətə çıxa bilmirdi. Lakin bir gün əməkdaş əsəbiləşərək “İstəyirsən məni qov, amma mən məzuniyyətə çıxıram” deyib getdi. Şöbədə başqa işçi olmadığı üçün 1 aylıq da olsa, əvəzedici əməliyyatçı mühasib üçün iş elanı verdik. İqtisad universitetinin mühasibatlıq ixtisasını qurtaran bir namizəd gəldi. HR gələn namizədi yoxladıqdan sonra şəxsin mühasibatlıq biliklərini yoxlamaq üçün mənə yönlədirdi. Namizəddən "aktiv" və "passiv"lərin nə olduğunu soruşdum, bilmədi. Mən də "aktiv"lərin şirkətin pul ilə hesablana biləcək bütün mal varlığına deyildiyini, "passiv"lərin isə borclar olduğunu geniş şəkildə izah elədim. Soruşdum ki, başa düşdüz dediklərimi? Cavab verdi ki, "hə". Dedim ki, "onda bir sual verim görüm biləcəksənmi". Razılaşdı. Soruşdum ki, "bax şirkətin bir maşını var, işçiləri evlərinə aparıb gətirmək üçün. İndi bu maşın şirkətin "aktiv"idir, yoxsa "passiv"i? O isə qayıdıb dedi ki, “Xoddayanda aktiv olur, söndürəndə passiv". Amma onu da qeyd edim ki, həmin şəxs sonradan özünü inkişaf etdirdi. Hazırda şirkətlərin birində yüksək vəzifədə çalışır".

Elnurə Abbasova
Qaynarinfo.Az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR