Sənət 14:40 29.09.2016

Azərbaycanda hansı rəqslərə daha çox maraq var? - MÜSAHİBƏ

Adətən rəqs və musiqi üçün "ruhun qidasıdır" deyirlər. Ən kefsiz olduğumuz anlarda belə bir şən musiqi və ya rəqs bir anda üzümüzdə gülüş yaratmaq üçün kifayət edir. Bəzən ağır günlər keçirən insanlara rəqs bəlkə də ən yaxşı dərman kimi görünür.

Maraqlıdır, görəsən Azərbaycanda rəqsə maraq necədir? Bu barədə suallarımızı "Let`s Dance!" Rəqs Məktəbinin direktoru və baş məşqçisi Emin Qurbanova ünvanladıq. 

- Rəsq etməyi bir cümləyə necə sığışdıra bilərsiniz? 

- "Pozitiv, sağlam, əyləncəli vaxt keçirmək" deyərdim bir cümlə ilə. 

- Rəqs depresiya və ya ayrılıq acılarını unutdura bilərmi?

- Bizim psixologiyamızda rəqs meditasiya ilə bərabər tutulur. Rəqs ümumiyyətlə insanı acıya doğru buraxmaz.

- Bədəni formaya salmaq və artıq çəkidən xilas olmaq üçün idman, yoxsa, rəqs faydalıdır? Sizin məsləhətiniz nədir?

- Bədəni formada saxlamaq üçün öncə düzgün qidalanmaq lazımdır. Mən həm rəqs, həm də idman müəllimi kimi əminliklə deyə bilərəm ki, düzgün bədən forması mütləq düzgün qidalanmaqdan keçir. İdman və rəqs isə sadəcə köməkçi vasitələrdir.

- Sizcə, Azərbaycanda rəqsə maraq necədir? Adətən hansı yaş aralığında insanlar sizə müraciət edir? 

- Müxtəlif yaşlı insanlar müraciət edir. Uşaqlar daha çox gəlir. Valideyinləri onları 4-5 yaşından rəqs kurslarına yazdırır. Müasir rəqslərə 14, 15,16 yaşlarında müraciət edənlər daha çoxdur. Biraz daha yaşlı adamlar - 30-40 yaş arası Latın Amerikası rəqslərinə daha çox maraq göstərirlər. Milli rəqslərə isə bütün yaşlarda maraq var.

- Daha çox hansı rəqs növünə maraq var?

- Ölkəmizdə daha çox maraq milli və Latın Amerikası rəqslərinədir. Daha az maraq isə müasir və ərəb rəqslərinədir. 

- Gələcək planlanlarınız nələrdir?

- Böyük layihələrimiz var. Amma plan və reallıq başqa şeylərdir. Planımız ondan ibarətdir ki, Azərbaycanı beynəlxalq rəqs səviyyəsinə çıxardaq.

Zümrüd

Qaynarinfo.Az