İdman 13:11 23.11.2013

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosu təqdim olundu


Bu gün Bakı, Roma və Madriddə eyni vaxtda 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Romadan tədbirə videokörpü ilə qatılan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur hissi keçirir və tədbirin yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.

Loqonun dizayneri Azərbaycandan olan Adəm Yunisov seçilib. A.Yunisov loqoda Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etdiyini qeyd edib: "Fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim".

Bakıda təşkil olunmuş təqdimetmə mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, Namiq Abdullayev iştirak ediblər. Loqonun təqdimatından öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub.

Qaynar.info