Sənət 17:46 19.09.2019

Azərbaycanda kitablar yalnız Bakı sakinləri üçün buraxılır?

"Yeni bədii kitabların, tərcümələrin gedib bölgələrə çıxması müşgül məsələdir". 

Bu sözləri Qaynarinfo-ya "Xan” nəşriyyatının baş redaktoru Müşfiq Xan rayonlarda kitab satışı, yarmarkalar, təqdimatların keçirilməməsi məsələsinə münasibət bildirərkən bildirib. 

Müşfi Xan paytaxtda nəşr edilən kitabların rayonlarda və Naxçıvanda satışda olmaması, eləcə də kitab yarmarkaları və təqdimatların təşkil olunmamasının səbəbini belə izah edib: 
 


"Bu problemi bütün kitablara aid eləmək olmaz. Bu, Naxçıvanda şəhərin özündə bizim nəşriyyatla əməkdaşlıq edən mağazalarda kitab satışı ilə məşğul olan şəxslərin aktivliyindən asılıdır. Bir neçə marağı olan şəxs tanıyıram ki, onlar ayda bir-iki dəfə gəlir, bütün kitabları olmasa da, yeni çıxan və təlabat olan kitabları aparırlar. Böyük şəhərlərdə, yəni Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvanda bu iş daha yaxşıdır. Bəli, rayonlara yeni bədii kitabların, tərcümələrin gedib çıxması müşgül məsələdir. Buna görə ayrı-ayrı vaxtlarda müəyyən layihələr həyata keçirməyə çalışmışıq. Məsələn, bizim səyyar kitab layihəmiz vardı. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə 2018-ci ilə qədər bu layihəni davam etdirdik. Düzdür, rayonları düşünürdük. Sadəcə regionlarda mütaliəyə marağın az olması, oxucuların, alıcıların dərsliklərə üstünlük verməsi, bizi hardasa həvəsdən saldı. Amma Bakı şəhərinin ayrı-ayrı mədəniyyət evlərinin qarşısında, Baki kəndlərində, Bakı qəsəbələrində kitab yarmarkası keçirmişik".

Müşfiq Xan rayonlarda kitab təqdimatlarının keçirilməməsi məsələsinə də aydınlıq gətirib: 

"Ayrı-ayrı təqdimatlar olur. Misal üçün, bu işdə mənim ən çox yadımda qalan Şəmkir rayonunda yerləşən Zəka Gənclər Mərkəzinin müəlliflərlə imza günü keçirməsidir. Tədbiri çox yaxşı təşkil etmişdilər. Gənclərlə işləyən təşkilat və mərkəzləri olan rayonlarda bu işə maraq var. Ancaq təqdimatların keçirilməsi üçün rayonlardan dəvət olmalıdır. Biz kitabını nəşr etdiyimiz müəllifləri yönləndirə bilmərik və ya rayon nümayəndəliklərinə deyə bilmərik ki, imza günü keçirmək istəyirik. Bu, bir az "urvat"sız olur. Düzgün olmaz. İnstansiya qaydalarına görə, onlar müraciət etməli, biz də gedib təşkil etməliyik. 

Səhv etmirəmsə, Mingəçevirdə şəhər 2 nömrəli məktəbdə oxucularla görüş olub. Son 1 ildə onlar da barmaqla sayılacaq qədər azdır. Növbəti illərdə də nəsə ciddi layihə, dönüş olmayacağı təqdirdə, eyni formada davam edəcək. Kitabxana kollektorlarına kitabların gedib çıxmasında mərkəzi kitabxana sisteminin fəaliyyəti olmalıdır. Təkcə nəzəriyyə ilə deyil, praktiki iş görmək lazımdır. Yeni kitabların yayımında bunların fəaliyyətsizliyini müşahidə edirik. Özəl nəşriyyat, lap dövlət nəşriyyatı bunların hamısını nizamlamaq, yeni kitablar çap etmək, tərcümələr etmək, eyni zamanda kurasiya etmək, kitabların yayımı, təbliği ilə məşğul ola bilməz. Bu, mövcud imkanlar çərçivəsində tək bir nəşriyyatın, hətta bir neçə nəşriyyatın belə görə biləcəyi işi deyil".


Röya Kərimli
Qaynarinfo