İdman 14:37 16.02.2021

Azərbaycanda klub hakimlərə isti su vermədiyi üçün cəzalandı

AFFA İntizam Komitəsi Premyer Liqanın XV turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisində baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, matçın 73-cü dəqiqəsində "Qarabağ”ın futbolçusu Kevin Medina "aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Kluba isə 3200 manat cərimə tətbiq edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində "Neftçi”nin oyunçusu Buludov Ömər "kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat ödəyəcək.

Flaqmanın digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan Stankovic Vojislav də komanda yoldaşı kimi bir oyunluq cəza ilə üzləşib və klubunu 200 manat ziyana salıb. "Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İntizam Komitəsi "Səbail"in oyunçusu Kamran Ağayevi 2 oyunluq cəzalandırıb. Buna 35 yaşlı qolkiperin səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XV turunun oyunduna birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Ağayevin komanda yoldaşı Peyman Keşavarzi isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya olunub. Həmçinin sözügedən qarşılaşmada qonaqların 5 futbolçusu sarı vərəqə gördükləri üçün klub ümumilikdə 2 600 manat məbləğində cərimə olunub.

"Keşlə” ilə ev oyununda (2:0) 4 futbolçusu sarı vərəqə görən "Qəbələ" və Zirə" ilə səfər matçında eyni sayda oyunçusu xəbərdarlıq alan "Sabah" da 800 manat məbləğində cərimələnib.

İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cəzalandırıb. Səbəb komandanın XII turda "Sumqayıt-2" ilə matçda hakimləri isti su ilə təmin etməməsidir.

Kluba 80 manat cərimə kəsilib. Lökbatan təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün də 80 manat ödəməli olacaq.

"Zaqatala" isə XII turda "Kepəz"lə dueldə meydanı vaxtında sulamayıb və 80 manat ziyana düşüb.