Foto 20:44 25.03.2019

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü (FOTO)

Ədliyə Nazirliyi Penitensiar xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahbazov Xəyyam Məhəmməd oğlu müəssisə rəhbərliyinə müraciət edərək valideynləri vəfat etdikdən sonra uşaq evində saxlanılan 6 yaşlı qardaşı Kabak Cəlal Qasım oğlu ilə görüşə şərait yaradılmasını xahiş edib.

Penitensiar xidmətdən Qaynarinfo-ya verilən məlumata görə, bayram günlərində İxtisaslaşdırılmış müalicə müəssisəsinin və Bakı şəhər 2 saylı uşaq evinin rəhbərliyinin təşəbbüsü ilə azyaşlı Cəlal Kabak qardaşı məhkum Xəyyam Şahbazovla qısamüddətli görüşə gətirilib.

Müəssisə əməkdaşları tərəfindən azyaşlı Cəlal Kabaka geyim dəstləri, bayram sovqatları və hədiyyələr alınıb, onun üçün bayram süfrəsi təşkil edilib.
Qardaşı ilə görüşə şərait yaradıldığı üçün məhkum Xəyyam Şahbazov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.