Ölkə 23:57 06.02.2020

Azərbaycanda ovçuluq məsələləri ilə bağlı müzakirələr keçiriləcək

Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 27-də "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.

Trend-in məlumatına əsasən, bunu WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.

Onun sözlərinə görə, beynəlxalq mütəxəssislər, aidiyyəti dövlət qurumları və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və mütəmadi müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

E. Əsgərov qeyd edib ki, bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu qanuni hüquqları hesab edənlər.

"Bu səbəbdən təşkil ediləcək forumda tanınmış beynəlxalq mütəxəssislərin iştirakı ilə təzadlı fikirlər ətrafında maraqlı müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin veriləcəyi gözlənilir",- deyə WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri bildirib.