Sağlamlıq 11:52 12.09.2018

Azərbaycanda QİÇS-ə yoluxan əcnəbilərin sayı açıqlandı: 8 min ərəb?

İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.

Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

"Blogerin iddiaları absurddur”

Məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib:

"Ümumiyyətlə, Azərvbaycanda heç o qədər QİÇS-lə yoluxan xəstə yoxdur. Bu, sensasiya xatirinə səsləndirimiş qeyri-real rəqəmdir. Bu, həmin blogerin məsuliyyətsizliyindən irəli gəlir. Bilirsiniz, birdən-birə 8 min insanın QİÇS-ə yoluxması fikrini səsləndirmək əslində dezinformasiyadan başqa heç nə deyil. Bunlar Azərbaycanı sevməyən insanların səsləndirdiyi fikirlərdir”.

E.Alməmmədova fikrini əsaslandırmaq üçün rəsmi rəqəmləri də açıqlayıb: 

"2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadınlar, 4204 nəfəri (70 %) kişilərdir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir”.

Azərbaycanda QİÇS-dən ölənlər...

Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanda ümumilikdə 904 nəfər QİÇS xəstəliyindən ölüb:

"Azərbaycanda ilk dəfə QİÇS 1992-ci ildə aşkarlanıb. 1992-ci ildən bugünədək ümumilikdə 904 nəfər bu xəstəlikdən dünyasını dəyişib”. 

"Cəmi 8 nəfər əcnəbi qeydiyyata götürülüb” 

Mərkəz rəhbərinin sözlərinə görə, 6 ay ərzində yeni qeydiyyata götürülənlərin sayı 306 nəfərdir: 

"Onlardan yalnız 8 nəfəri əcnəbilərdir. Amma onların arasında da ərəblər yoxdur. Əslində bunlar da azərbaycanlılardır, amma Gürcüstanda, Rusiyada yaşayırlar. Həmin ölkələrin vətəndaşları olduqları üçün, onları öz vətəndaşımız kimi qeydiyyata sala bilmirik. Qalan 298 nəfəri yerli vətəndaşlardır”.

Azərbaycanda ən çox İİV bu vasitə ilə yayılır

E.Alməmmədova xəstəliyə yoluxma yollarınından da danışıb:

"Yeni xəstələrdən 33 nəfəri ineksiya vasitə ilə, 173 nəfəri heteroseksual yolla, 20 nəfəri homoseksual kontakt nəticəsində yoluxub. 2 nəfərdə xəstəlik anadan uşağa yoluxdurulub. 70 nəfərin yoluxma səbəbləri araşdırma mərhələsindədir. Yeni qeydiyyata alınanlardan Azərbaycan vətəndaşı olanların 105 nəfəri qadınlar, 193 nəfəri kişilərdir”.

"Xəstələri müalicə edirik” 

E.Alməmmədova qeyd edib ki, bu cür xəstələri qeydiyyata almaqla kifayətlənmirlər:

"Bizim işimiz onları müalicə etməkdir. Ona görə də bu insanlardan 4568 nəfəri anti-virus terapeyaya cəlb olunub. Məqsəd xəstəliyin SPİD mərhələsinə keçməsinin qarşısının alınmasıdır”.