Ölkə 17:42 19.10.2018

Sabiq idarə müdiri polis bölməsinə aparılarkən yolda ölüb

Kürdəmir İşıq İdarəsinin keçmiş müdiri İbişov Elşən Yengibar oğlu polis bölməsinə aparılarkən qəfil ürəktutmasından keçinib. 

Bu barədə Qaynarinfo-ya mərhumun bacısı İbişova Könül Yengibar qızı məlumat verib. O, iddia edir ki, qardaşı 18.09.2018 ci il tarixdə Kürdəmir rayon Polis İdarəsinə aparılarkən, polis əməkdaşının zorakılıq tətbiq etməsi səbəbindən dünyasını dəyişib:

"Sentyabrın 18-i səhər saat  10 radələrində qardaşım evdən çıxaraq Kürdəmirin mərkəzinə gedib. Burada o, bir neçə gündür həyətində fəhlə işləyən Səfalı Eldəniz adlı şəxsə işə niyə gəlmədiyini irad tutaraq, ərkyana sillə vurub. Bunu görən PPX əməkdaşı qardaşıma vətəndaşı vurduğu üçün irad tutub və onlarla birgə polis bölməsinə gəlməli olduqlarını bildirib. Qardaşım da öz avtomobili ilə gələcəyini deyib, lakin polisin təkidindən sonra mübahisə düşüb və qardaşımı orada döyərək, zorla polis avtomobilinə basıblar. Qardaşım rayonun sayılıb-seçilən şəxslərindən idi, bir müddət də Kürdəmir İşıq idarəsinin müdiri vəzifəsində çalışıb.

Eldəniz, "Bu, mənim əmimdir, polislik məsələ yoxdur” desə də, polis əməkdaşları buna məhəl qoymayıblar.

Qardaşım polis avtomobilində də zorakılığa məruz qalıb. Belə ki, Aqşin adlı polis əməkdaşı onun başını oturacağın altına basıb. Bu zaman qardaşımın nəfəsi kəsildiyi üçün polis idarəsinə çatana qədər keçinib”.

Elşən İbişov

Könül İbişova həmçinin bildirib ki, hazırda bununla bağlı Kürdəmir rayon Prokurorluğu araşdırma aparır. Lakin polis idarəsi həmin günə dair kamera görüntülərini prokurorluğa təqdim etməkdən imtina edir. O, hətta qardaşıma zorakılıq tətbiq edən Aqşin adlı polis əməkdaşının daha öncə 2 dəfə vəzifəsindən uzaqlaşdırıldığını, hətta bu hərəkətinə görə bir dəfə də bıçaqlandığını qeyd edib.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında Elşən İbişova qarşı heç bir zorakılığın tətbiq olunmadığını və mərhumun bacısının səsləndirdiyi iddiaların qanunən də öz təsdiqini tapmadığını bildirib:


 
"Həqiqətən həmin gün işıq idarəsində nəzarətçi işləyən Elşən İbişovun şəhərdə Eldəniz adlı bir nəfərlə mübahisəsi düşüb və İbişov Elşən həmin adamı mübahisə zəminində döyüb. Döyülən şəxs də hadisədən dərhal sonra özünü ərazidə olan post patrul xidmətinə yetirib və E.İbişovun onu döydüyünü bildirib.
Polis əməkdaşı da öz xidməti vəzifəsini yerinə yetirərərk, məsələni araşdırmaq üçün hər iki şəxsi polis bölməsinə aparıb. Polis bölməsinə çatanda isə ağsaqqal kişinin halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da E.İbişovun həyatın xilas etmək mümkün olmayıb. Məhkəmə Tibbi Ekspertizasının rəyində də göstərilib ki, o, qəfil ürəktutmasından dünyasını dəyişib. Məsələ ilə əlaqədar DİN-in aidiyyatı idarəsi və rayon prokurorluğu tərəfindən də araşdırma aparılıb və mərhumun işgəncə nəticəsində öldüyü ilə bağlı iddialar öz təsdiqini tapmayıb".

Çingiz Səfərli